“Qafqazinfo”nun məlumatına görə, ilk buraxılış imtahanı (IX və XI siniflər üçün) bu gün - iyunun 8-də Bakı şəhərində, Sumqayıt şəhərində və Abşeron rayonunda keçirilir. Həmçinin bu gün qeyd olunan şəhərlərdə fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan verəcəklər.
Bundan başqa, Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən rayonlarının rus bölməsi şagirdləri də buraxılış imtahanı verirlər.
Saat 10:00-da buraxılış sinfinin IX sinif şagirdləriniin imtahanlarına start verilib. Saat 15:00-da isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdirəcəklər.
Buraxılış imtahanının qaydalarına görə:
- Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.
İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.
- Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir.
- Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.
- Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan edilir.
Orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim edən 9-cu sinif şagirdlərinin orta ixtisas təhsili müəssisələrinə yerləşdirilməsi buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq.
Son xəbərlər
Son Xəbərlər