İmtahanlar üçün tələb olunan ödənişlər artırılacaq?

imtahanlar-ucun-teleb-olunan-odenisler-artirilacaq
Oxunma sayı: 1973

“İmtahanlar üçün tələb olunan ödənişlər Tarif Şurası tərəfindən 2016-cı ildə təsdiqlənib. Bu, o vaxt real xərcləri qarşılayırdı”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahan ödənişlərinin artırıla bilməsi ilə bağlı sualı cavablandırarkən deyib.

O qeyd edib ki, 2020-ci ildə pandemiya dövründə şərtləri nəzərə alaraq DİM-ə subsidiya verilib: “2020-ci ildə pandemiyanın tələbləri ilə bağlı imtahan keçirilən hər sinifdə 15 nəfərdən çox abituriyentin olmaması və digər şərtlər xərcləri artırdı. Hökumət bunu nəzərə alaraq bizə müəyyən subsidiya ayırdı. Bundan əlavə, logistika işlərinin də aparılması müəyyən vəsait tələb edirdi. Biz öz xərclərimizi dövlətin ayırdığı subsidiyalarla qarşılamışıq. İlin axırında biz olan xərcləri, audit nəticələrimizi müvafiq orqanlara göndəririk və təkliflə çıxış edirik. Bununla bağlı nə qərar qəbul olacaq, onu bilmirik”.

M. Abbaszadə həmçinin bildirib ki, hər bir vətəndaş imtahanı dövlət hesabına verir. Bundan əlavə, DİM-ə əsas pul dövlət tərəfindən sifariş olunan imtahanlardan daxil olur. Həmin imtahanların qiymətlərini isə Mərkəz müəyyənləşdirir və sifarişçidən alır: “Amma bundan sonra inkişafla, yeni növ onlayn imtahanlarla, yeni növ xidmətlərlə əlaqədar ödənişlərə yenidən baxıla bilər. Bu qərar DİM tərəfindən verilmir. Biz mövcud vəziyyəti müvafiq orqanlara təqdim edirik və onlardan cavab gözləyirik”.

Gülnar Əliyeva