Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına müsabiqənin nəticələri açıqlanıb.
"Qafqazinfo" xəbər verir ki, qəbul olunanların siyahısı “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.
Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 6336 bakalavrdan 5175 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 2205 nəfərini dövlət sifarişi, 2970 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar. Onlardan 3103 nəfəri ali təhsil müəssisələrinin cari, 2072 nəfəri isə əvvəlki illərin məzunudur.
Bundan əlavə, 6 bakalavr idman sahəsi üzrə, 3 bakalavr isə incəsənət sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibi olduğu üçün magistratura səviyyəsinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olunub.
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olanlar 2016-cı il iyunun 28-dən iyulun 11-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.
Son xəbərlər
Son Xəbərlər