İnam Kərimov Almaniyada bir sıra görüşlər keçirdi - Fotolar

inam-kerimov-almaniyada-bir-sira-gorusler-kecirdi
Oxunma sayı: 1295

Kənd Təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada rəsmi səfərdədir. Səfərdə məqsəd Berlində keçirilən 85-ci “Beynəlxalq Yaşıl Həftə” sərgisində, 12-ci “Kənd Təsərrüfatı Nazirlərinin Berlin Konfransı”nda və 12-ci “Ərzaq və Kənd Təsərrüfatı üzrə Qlobal Forumu”nda iştirak etməkdir.

“Qafqazinfo” xəbər verir ki, nazir İnam Kərimov səfər çərçivəsində Almaniya Bundestaqının Ərzaq və Kənd Təsərrüfatı Komitəsinin sədri Alois Gerig ilə görüşüb. Görüşdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı barədə danışılıb, aqrar sahənin qeyri-neft sektorunun inkişafında prioritet sahə hesab olunduğu bildirilib.

Alois Gerig bildirib ki, Azərbaycanda aqrar xidmətlərin elektronlaşdırılmasını yüksək qiymətləndirir. Bu prosesi təkmilləşdirmək üçün ölkəsinin texnologiya transferinə hazır olduğunu deyən komitə sədri aqrar təhsil sahəsində əməkdaşlığın vacib əhəmiyyət kəsb etdiyini deyib. O bildirib ki, azərbaycanlı gənclər Almaniyada təşkil olunan təlim proqramlarından geniş faydalana bilərlər.

Görüşdə Azərbaycanın Avropanın müxtəlif ölkələri ilə təhsil sahəsində mübadilə proqramlarında iştirakı barədə məlumat verilib, azərbaycanlı fermerlərin Almaniyaya səfər edərək müasir aqrar texnologiyalarla tanışlığı üçün imkanların yaradılmasının vacibliyi vurğulanıb. Tərəflər Azərbaycan-Almaniya Kənd Təsərrüfatı Forumunun keçirilməsi ətrafında da müzakirələr aparıblar.

İnam Kərimov səfər şərçivəsində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin icraçı direktoru Michael Harms ilə də görüşüb. Nazir Azərbaycan və Almaniya arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdiyini bildirib, kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensial olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycanda həyata keçirilən aqrar islahatlar, kənd təsərrüfatı fəaliyyətinin vergidən azad edilməsi, kənd təsərrüfatı texnikası və damazlıq heyvan satışı bazarının liberallaşdırılması xarici şirkətlər, o cümlədən Almaniyanın aqrar sahədə ixtisaslaşmış şirkətləri üçün geniş investisiya imkanları yaradır.

Bildirilib ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının geniş ixrac potensialı var, hazırda aqrar sahənin inkişaf strategiyasında əsas prioritetlərdən birini aqrar emal sənayesinin müasirləşdirilməsi, yeni emal müəssisələrinin qurulması təşkil edir. Tərəflər kənd təsərrüfatı sahəsində Almaniya şirkətləri ilə ortaq müəssisələrin yaradılmasının mümkünlüyü, mövcud əməkdaşlıq imkanlarının dəyərləndirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsi ətrafında müzakirələr aparıblar.

Michael Harms Azərbaycanın kənd təsərrüfatı məhsullarının keyfiyyəti ilə tanış olduğunu və məhsullarımızı bəyəndiyini deyib. Almaniya şirkətlərinin Azərbaycanın kənd təsərrüfatı sektoruna investisiya yatırmaqda maraqlı olduğunu qeyd edən Michael Harms bildirib ki, keçirilməsi planlaşdırılan Azərbaycan-Almaniya Kənd Təsərrüfatı Forumu iki ölkə arasında mövcud əlaqələri və tərəfdaşlığı daha da möhkəmləndirəcək. Aqrar sektorun nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili və təcrübə mübadiləsi aparılması təklifini müsbət dəyələndirən Michael Harms bu istiqamətdə görüləcək işlərə tam dəstək verəcəklərini bildirib.

İnam Kərimovun daha bir görüşü Almaniyanın İqtisadi Keçid yaşayan Ölkələrin Kənd Təsərrüfatının İnkişafı üzrə Leybnitz İnstitutunun direktoru Tomas Qlauben ilə olub. Görüşdə kənd təsərrüfatının inkişafında aqrar tədqiqatların roluna toxunulub. Qeyd olunub ki, iqlim dəyişiklikləri fonunda yeni çağırışlara cavab vermək üçün kənd təsərrüfatına dair tədqiqatların aparılması vacibdir.

Tomas Qlauben Leybnitz İnstitutu tərəfindən Qafqaz və Mərkəzi Asiyada aqrar siyasət göstəriciləri, kənd təsərrüfatında ixracın artırılması, dəyər zəncirlərinin yaradılması istiqamətində araşdırmalar aparıldığını deyib və bu istiqamətdə Aqrar Tədqiqatlar Mərkəzi ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını qeyd edib. Müzakirələr zamanı Leybnitz İnstitutu ilə Aqrar Tədqiqatlar Mərkəzi arasında əməkdaşlıq əlaqələrinin qurulmasına dair razılıq əldə olunub.

İ.Kərimov, həmçinin Belarus Respublikasının Ərzaq və Kənd Təsərrüfatı naziri Anatoli Xotko ilə də görüşüb. Qeyd olunub ki, son illər kənd təsərrüfatı sahəsində Azərbaycan-Belarus əməkdaşlığı sürətlə inkişaf edir. Bildirilib ki, hazırda aqrar sektorda investisiyaların qarşılıqlı təşviqi və kənd təsərrüfatında investisiya tələb edən prioritet istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsi imkanları araşdırılır.

Görüşdə Azərbaycanın Belarusla kənd təsərrüfatı texnikalarının birgə istehsalı, heyvandarlıq, bitkiçilik, aqrar-sənaye komplekslərinin yaradılması istiqamətlərində qarşılıqlı əməkdaşlığın daha da genişləndirməsi barədə razılıq əldə edilib. Tərəflər bu məqsədlə birgə məsləhət və təlim proqramlarının, seminarların, konfransların təşkil edilməsi barədə də razılığa gəliblər.