İnam Kərimov fermerlərlə görüşdü

inam-kerimov-fermerlerle-gorusdu
Oxunma sayı: 1341

Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının növbəti toplantısı keçirilib.

"Qafqazinfo" xəbər verir ki, toplantıda çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar islahatların davam etdiyini bildirib və Fermerlər Şurasının üzvlərini görülən son işlərlə bağlı məlumatlandırıb.

Görüşdə “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Fərmandan irəli gələn vəzifələr, kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydaları ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılara “Aqrar sığorta haqqında” qanunun işləmə mexanizmləri, bu qanunun fermerlər üçün yaratdığı imkanlar barədə məlumat verilib.

Şura üzvləri kənd təsərrüfatının müxtəlif sahələrinin, o cümlədən taxılçılıq, pambıqçılıq, intensiv bağçılıq və heyvandarlığın inkişafı üçün nəzərdə tutulan dövlət dəstəyi tədbiri ilə bağlı fikirlərini bölüşüblər.

Fermerlər Şurasının üzvlərindən Əfras Əsgərov, Fatma Hüseynova və Əlibala Səlimov pambıq yığımının gedişi barədə məlumat veriblər. Qeyd olunub ki, dövlət dəstəyi və düzgün aqrotexniki qulluq nəticəsində bu il pambıqçılıqda yüksək məhsuldarlıq əldə olunub. 

Toplantının sonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Fermerlər Şurasına yeni üzvlər qəbul olunub. Qeyd edək ki, Fermerlər Şurası ölkənin qabaqcıl fermerlərindən təşkil olunub. Şuranın tərkibinin üçdəbir hissəsi 6 aydan bir rotasiya qaydasında yenilənir.