Ölkəmizdə səfərdə olan Türkiyə Ali Məhkəməsinin baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Ali Məhkəməsində olub.
“Qafqazinfo” xəbər verir ki, görüşdə Ali Məhkəmənin sədri İnam Kərimov Azərbaycan-Türkiyə arasında qardaşlıq münasibətlərinə toxunub, iki ölkənin qarşılıqlı əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.
Məhkəmə-hüquq sahəsində də əməkdaşlığın qarşılıqlı səfərlər və təcrübə mübadiləsi nəticəsində daha da gücləndiyi vurğulanıb.
Görüşdə ölkəmizdə məhkəmələrinin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, elektron xidmətlərin genişləndirilməsi, hakimlərinin peşəkarlığının artırılması və cəza siyasətinin humanistləşdirilməsi üzrə görülən işlər diqqətə çatdırılıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Muhsin Şentürk ikitərəfli əlaqələri yüksək qiymətləndirərək bu münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.