İnam Kərimov onlayn müşavirə keçirib

inam-kerimov-onlayn-musavire-kecirib
Oxunma sayı: 1231

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə “Şəkər çuğunduru istehsalının inkişafı ilə bağlı 2020-ci ilin yekunları və 2021-ci ildə  qarşıda duran vəzifələr” mövzusunda onlayn müşavirə keçirilib. Onlayn müşavirədə kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov, Nazirliyin Aparatı və tabeli qurumlarının əməkdaşları, bu sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib.

Nazirlikdən "Qafqazinfo"ya bildirilib ki,  Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Bildirilib ki, aqrar sahənin inkişafı, o cümlədən şəkər çuğunduru istehsalının artırılması üçün dövlət tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir. Görülən tədbirlər nəticəsində 2020-ci ildə şəkər çuğunduru istehsalında yüksək məhsuldarlığa nail olunub.

Müşavirədə bu il şəkər çuğunduru istehsalına hazırlıq və qarşıda duran vəzifələr, bu sahənin inkişafı, hədəflər və perspektivlər müzakirə edilib. Həmçinin, Ölkə Prezidenti tərəfindən verilən tapşırığa uyğun olaraq işğaldan azad olunmuş rayonlarda bu sahənin inkişafı ilə bağlı müzakirələr aparılıb. 

Eyni zamanda, müşavirədə mineral gübrələr, toxum və texnika ilə təminat, suvarma məsələləri, subsidiyaların verilməsi ətrafında fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.

Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi bildirilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.