İnam Kərimov Ucarda vətəndaşları qəbul etdi - Fotolar

inam-kerimov-ucarda-vetendaslari-qebul-etdi
Oxunma sayı: 1100

Kənd Təsərrüfatı naziri İnam Kərimov fevralın 28-də Ucar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Ucar, Kürdəmir və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

“Qafqazinfo” xəbər verir ki, qəbuldan öncə nazir İnam Kərimov və Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov rayonun mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Daha sonra nazir İnam Kərimov Ucar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub, fermerlərə informasiya məsləhət xidmətinin göstərilməsində iştirak edən Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşüb.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 55 nəfərin müraciətinə baxılıb. Qəbula gələn vətəndaşların müraciəti əsasən fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə və digər məsələlərlə bağlı olub. Nazir İnam Kərimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Fevralın 28-də Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Goranboy, Yevlax və digər rayonlardan olan vətəndaşları, Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov isə İmişli Dövlət Aqrar İnkişaf Mərkəzində İmişli, Zərdab və digər rayonlardan olan vətəndaşları qəbul ediblər. Goranboyda keçirilən vətəndaş qəbulunda 14, İmişlidə keçirilən vətəndaş qəbulunda isə 13 vətəndaşın müraciətinə baxılıb, məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.