İnam Kərimov yeni layihəyə start verdi

inam-kerimov-yeni-layiheye-start-verdi
Oxunma sayı: 6435

“Məhkəmələrin müasir tələblərlə uyğun qurulması, idarəetmədə innovativ texnologiyaların tətbiqi günün tələblərindəndir. Bu tələbləri qarşılamaq üçün məhkəmə-hüquq sisteminin bütün iştirakçıları ilə dialoq qurmağa xidmət edən yeni bir layihəyə - “Femida Dialoq Platforması” layihəsinə start vermişik”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Ali Məhkəmənin sədri İnam Kərimov Vəkillər Kollegiyası üzvləri ilə görüşdə deyib.

O bildirib ki, platformanın məqsədi hüquqşünaslar, hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti institutları ilə fəal müzakirələrin təşkili, vətəndaşların hüquqi maariflənməsinin artırılması, məhkəmə-hüquq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, problemlərin həlli və ölkəmizdə bu sahədə aparılan islahatlara dəstək verməkdir:

“Femida Dialoq Platforması çərçivəsində ilk görüş Azərbaycan Vəkillər Kollegiyası ilə keçirilir. Bu gün biz vəkillərin üzləşdiyi problemlər və məhkəmə-hüquq sisteminin inkişafı istiqamətində təklifləri dinləyəcəyik. Düşünürəm ki, bu gün birgə uğurlu əməkdaşlığın əsasını qoyacağıq”.

Amin Nəzərli