Topaz Premyer Liqasının 17-ci turunda "Qarabağ" evdə "Zirə" üzərində 2:0 hesablı qələbə qazanıb. "Qafqazinfo" xəbər verir ki, oyundan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Təcrübəli məşqçi qalibiyyəti belə şərh edib: "Çox vacib qələbə qazandıq. Fasilədən sonra ilk oyunlarda çatışmazlıqlar var idi. Bunu da normal qəbul edirdim. Bu gün topla yaxşı davrandıq. "Zirə" fərqli sistemdə oynayırd və bizə problemlər yaradırdılar. Çox yaxşı müdafiə olunurdular. Bizə vacib idi ki, müdafiəni də yaraq və qol vuraq. Qollarımız vacib idi. Ayxan Abbasova uğurlar arzu edirəm".
- Reynaldonun gedişi və Kintananın zədələnməsi sizə nə qədər təsir edəcək?
- Kintananın zədələnməsi təsirsiz olmayacaq. O, topla yaxşı davranan futbolçudur. Biz belə hallara hazır olmalıyıq. Futbolda belə şeylər olur. Ola bilər ki, bəzi oyunları hiss etməkdə çətinlik çəkək. Amma qələbələr üçün oynayacağıq".
- Növbəti turda "Kəpəz"lə oyunun başqa meydançada keçirilməsi üçün müraciət edəcəksiniz, yoxsa barışacaqsınız?
- Biz də o meydançada oynayacağıq. "Kəpəz"in nəticə baxımından durumu yaxşı deyil. Buna görə də matçın başqa meydançada keçirilməsi üçün müraciət etmək düzgün olmaz.
- "Qəbələ" - AZAL oyununda hakim qonaqların təmiz penaltisini verməyib. "Qəbələ" tərəfi sizin leyhinizə olan hakim səhvlərinə görə "Qarabağ"a kömək olunduğuna dair atmaca atmışdı. Sizin bugünki oyuna görə onlara sözünüz yoxdur?
- Roman Qriqorçukla münasibətim yaxşıdır. Futbolda belə hallar olur. Belə şeylərə münasibət bildirmək düzgün olmaz.
- Sizcə, lehinizə olan hakim səhvləri "Qarabağ"ı gözdən salmağa hesablanıb, yoxsa doğrudan köməyə ehtiyacınız var?
- Mən inanmıram ki, kimsə "Qarabağ"ı gözdən salmaq istəsin. Həmişə bu klubda olmağımın məsuliyyətini dərk etmişəm. Sadəcə bu mövzularda hər kəs öz fikrini deyir. Mən isə bunlara izah vermək istəmirəm. Başımı aşağı salıb işimi görürəm.
- Rəşad Sadıqov fərdi məşqlərə başlayıb...
- Rəşadın 15 illik təcrübəsi var. İstənilən vaxt meydana hazır çıxa bilər.
- 19-cu turda baş tutacaq "Qəbələ" - "Qarabağ" oyunu həlledici ola bilər?
- Yox, elə düşünmürəm. Hər oyunda xal itirə bilərik.
Son xəbərlər
Son Xəbərlər