Heç qarşılaşmamışdıq onunla. Bu son dörd ildə bircə dəfə də. Mən universitetə qəbul olub Bakıya gəldim. O isə, rayonda mənsiz qaldı. Yaxınlarımdan mənə pis incik olduğunu eşitmişdim. Mən getdikdən sonra neçə ay yemək də yeməyib. Dörd il keçsə də yaxşı xatırlayıram: qara gözlər, balaca burun, azca böyük qulaqlar, düz başının ortasında bozartı (təpəl də deyirlər, deyəsən). Hər zaman ona baxanda gülümsəməyimə səbəb olan üz ifadəsi vardı. İndi o xatırlayırmı məni? Bilmirəm. Düzü, inanmıram da.
Dəyişməyib, özü də heç dəyişməyib. Yenə məna dolu baxışları var, yenə çaşqın qalanda başını sağ tərəfə əyir. Yenə çağırılan hər qucağa qaçaraq gedir, sonra utanan baxışları zilləyir gözümün düz içinə, mənim də istəmədən üzümdə təbəssüm yaranır.
Yadımdadır, bir dəfə çox pis xətrinə dəymişdim. Bir həftə üzümə belə baxmadı, çağırdım gəlmədi, hətta ağladım, bu da təsir etmədi. Belə kinli də olurdu.
Görəsən, bu dörd il onda nələrisə dəyişə bilib? Xatırlayır məni? Birlikdə yediyimiz, içdiyimiz, yatdığımız günlər heç düşüb yadına? Buna da inanmıram. Yəqin ki, çoxdan unudub məni.
Gözümü gözlərindən çəkə də bilmirəm, baxışları eyni qalıb, lap dörd il əvvəlkidir. Yox, deyəsən tanıyıb axı. Yoxsa belə baxmazdı. Ya da baxar, niyə baxmasın.
Yaxınlaşır. özümdən asılı olmayaraq bir addım geri çəkilirəm.
Qoxumu içinə çəkir. Nəsə içim ürpərir, qəribə hal alıram.
Sonra üzümə baxır, elə dörd il əvvəlki baxışdır. İllər dəyişməyib onu. Dilini çıxarıb gülümsəyir üzümə.
Sakitcə Lessi pıçıldayıram. Cavabı gecikmir: havvv...
Keçən dəfə heyvanlarla sahiblərinin uzun müddətdən sonra ilk dəfə görüşdüyü video gözümə sataşdı. Bir it keçmiş sahibini qarşısında görəndə necə sevindisə, özündən getdi, zor oyatdılar. Hələ meymunu, o boyda şiri demirəm. Çox dəhşət hislərdir: vəhşi dediyimiz heyvanlarda insandan daha artıq sevgi və bağlılıq... Azacıq da olsa o duyğunu yaşamaq üçün, demək olar ki, videoya 5-6 dəfə baxdım. Lessi yadıma düşdü, uşaqlıq dostum Lessi. Həmişə yanımda olan Lessini itirdiyim üçün mənim də o hisləri canlı yaşayıb, sizin üçün video halında paylaşmaq imkanım yoxdur. Ancaq əlimdən gələn tək şeyi- yazmağı seçib gözəl dostumu yad etmək istədim. Gülmək üçün baxdığım bir neçə dəqiqəlik video mənə çox böyük şey öyrətdi: Bəlkə də, bizim ən yaxın dostlarımız başqa canlılar arasındadır. Bu videodan sonra dilimə “heyvan” ifadəsini gətirmək istəmirəm...
Son xəbərlər
Son Xəbərlər