“İndi onlar sifətlərini saxlamaq naminə...”

indi-onlar-sifetlerini-saxlamaq-namine
Oxunma sayı: 1927

“Dövrlə, onun tələbləri ilə ayaqlaşmağa çalışan bütün siyasi partiyalar hazırda seçkilərə hazırlaşır, baxışlarını və platformalarını cəmiyyətə təqdim etməyə çalışırlar. Parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsünün müəllifi olan Yeni Azərbaycan Partiyası bu sırada öz fəallığı ilə xüsusilə seçilir və bu tamamilə təbiidir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının sədrinin müavini-icra katibi Əli Əhmədov feysbuk hesabında yazıb. O qeyd edib ki, cəmiyyətin və partiyaların əksəriyyətinin seçki əhval-ruhiyyəsində olduğu bir zamanda tamam fərqli yanaşma və baxış sərgiləyən partiyalar da var: “Anormal olan da məhz budur. Partiya adını daşıyan bəzi qruplar seçkiyə getmək və ya getməmək müzakirələri aparırlar. Söhbət radikallardan gedir.

Dəfələrlə qeyd edilən tezisi bir daha vurğulamağa ehtiyac yoxdur ki, hər bir siyasi partiyanın mövcudluğunu şərtləndirən əsas amil onun seçkilərdə iştirakıdır. Seçkilərdə iştirak etməmək, yaxud onu boykot etməyə çağırış, ən yumşaq şəkildə desək, partiyanın yerinə yetirməli olduğu başlıca vəzifəsinə biganə yanaşma nümunəsidir. Bunun birinci səbəbi boykota çağırış səsləndirən partiyaların ictimai dayağının, sosial bazasının zəifliyi, bəlkə də ümumiyyətlə olmamasıdır. 

Son dövrlərdə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Prezidentin və ümumiyyətlə hakimiyyətin ictimai dəstəyini daha da artırıb. Bir neçə həftə əvvəl aparılmış sosioloji sorğunun nəticələri deyilənləri sübuta yetirir. Müxalifətin reytinqi isə aşağı düşməkdə davam etməkdədir. Deməli, radikalların az-çox uğurlu sayıla biləcək seçki kampaniyası aparmaq imkanları getdikcə məhdudlaşır. İndi onlara, necə deyərlər, sifətlərini saxlamaq naminə bəhanə axtarmaqdan daha uğurlu variant qalmır. Belə bir bəhanəni isə, onlar yenə də iqtidara böhtan atmaqda, guya ölkədə seçki mühitinin olmamasında görürlər və yerinə yetirilməsi bir çox səbəblərdən mümkün olmayan şərtlər irəli sürürlər. Məsələn, radikalların irəli sürdüyü bəzi şərtlərin Konstitusiyada və Seçki Məsəlləsində dəyişikliklər edilməsini nəzərdə tutduğunu göstərmək yetər ki, seçkilərin demək olar ki, artıq elan edildiyi bir vaxtda bu şərtlərin nə qədər qeyri-ciddi, əslində isə bəhanə olduğu dərk edilsin.

Vurğulanmalı digər motiv isə radikalların ümumiyyətlə siyasi mübarizə forması kimi seçkilərdə maraqlı olmaması göstərilməlidir. Radikalların siyasi fəlsəfəsi və mədəniyyəti gərginlik və qarşıdurma yaratmaq üzərində qərarlaşıb və hakimiyyət uğrunda mübarizədə sivil formalardan istifadə etmək istəyindən uzaqdır. 30 il ərzində onların siyasi mübarizəsinin forma və üsulları dəyişməyib və yenə də XX əsrin 90-cı illərinin əvvəllərində istifadə etdikləri taktikadan kənara çıxa bilmirlər. Lakin zaman dəyişib, dövlət və hakimiyyət güclənib, əhalinin demokratiya baxışları və siyasi mədəniyyəti əhəmiyyətli dərəcədə yüksəlib. Buna görə 30 il əvvəllki metodlar sadəcə olaraq işə yaramır. Radikalların, radikalizmin iflasının səbəbi köhnə, vaxtı çoxdan keçmiş təfəkkürün daşıyıcısı olmasındadır. Hər yerdə yeniliyin, yeniləşmənin müşahidə olunduğu Azərbaycanda köhnəliyə yer yoxdur.

Boykot çağırışına gəldikdə isə, radikalların yetərincə sosial dayağı olsaydı, seçicilərin səsini qazanmaq haqqında düşünərdilər. Əsl həqiqət ondan ibarətdir ki, radikallar cəmiyyət tərəfindən boykot olunub və onların çağırışını kimsə nə eşidir, nə də eşitmək istəyir.

Yeni Azərbaycan Partiyası bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka, öz gücünü sınamağa, xalqla səmimi dialoq şansından faydalanmağa çağırır. İstənilən halda seçkilərə qatılmaq partiya üçün faydalıdır. Mən bunu Yeni Azərbaycan Partiyasının çoxillik seçki təcrübəsinə istinadən deyirəm. Kimsə bu şansdan istifadə etmək istəmirsə, demək niyyəti məkrlidir”.