İnformasiya texnologiyaları sahəsində təhsilini bitirmiş könüllülər Agentlikdə işə qəbul olunub

informasiya-texnologiyalari-sahesinde-tehsilini-bitirmis-konulluler-agentlikde-ise-qebul-olunub
Oxunma sayı: 1152

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) könüllü fəaliyyətin tənzimlənməsi və gənclər siyasəti barədə qanunvericiliyə əsasən, bu sahədə dövlət tərəfindən aparılan siyasətə dəstək olaraq mart-aprel ayları ərzində “İnformasiya texnologiyaları (İT) sahəsi üzrə Könüllü Proqramı” təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, proqramın məqsədi gənclərin İT sahəsindəki potensialından daha səmərəli istifadə etmək, onların bu sahədə əlavə təcrübə qazanmasına şərait yaratmaq, perspektivli gənclərin kəşf edilməsinə və peşəkar kadrların hazırlanmasına töhfə verməkdir.

Cari ilin mart ayında elan olunan proqramda iştirak etmək üçün Agentliyə 504 müraciət daxil olub. Onlardan 168 namizəd seçilərək aprel ayında keçirilən test imtahanına dəvət olunub. Namizədlər İT sahəsində təhsil alan və bu sahə üzrə bakalavriat və magistratura səviyyələrində məzun olan şəxslər olub. Test imtahan mərhələsini uğurla başa vuran 63 namizəddən 24-ü müsahibəni də uğurla başa vurub.

Proqram çərçivəsində könüllülər 3 ay ərzində Agentliyin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin 5 departamentində qruplara bölünərək könüllü fəaliyyət göstəriblər.

İT sahəsi üzrə təcrübə keçən könüllülər üçün layihə təqdim olunub və uğurla tamamlanıb. İT infrastruktur, şəbəkə inzibatçılığı, məlumat inzibatçılığı, informasiya sistemlərinin təhlükəsizliyi sahələri üzrə könüllülər test çalışmaları edərək uğurlu nəticələr əldə ediblər. Könüllülər ümumi iş prosesi, komanda ilə işləmə bacarığı, digər istiqamətlər üzrə müvafiq təlimlər keçərək təcrübə qazanıblar.

Uğurlu nəticələr əldə etmiş 12 nəfər 3-5 oktyabr tarixlərində Agentliyin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin müxtəlif şöbələrində kiçik mütəxəssis vəzifəsi üzrə işə qəbul edilib. İşə qəbul olunmuş gənclərin əksəriyyəti (70%) hazırda magistratura səviyyəsində təhsil alan tələbələrdir. 11 nəfər Agentlikdə ilk iş yeri olaraq əmək fəaliyyətinə başlayıb.

Ən yaxşı nəticə göstərmiş digər şəxslər sertifikatla təmin olunublar. Əldə etdikləri yüksək nəticələrə görə Agentlik tərəfindən onlar haqqında xasiyyətnamələr tərtib edilib. Gələcəkdə uyğun vakansiya olduqda yenidən dəyərləndirmək məqsədilə onların məlumatları Agentliyin kadr ehtiyat bazasına daxil edilib.

Qeyd edək ki, bu, İT sahəsində könüllülərin iştirakı ilə Agentlik tərəfindən icra olunan ilk böyük layihədir. Layihənin uğurlu icrası nəticəsində iştirakçılar arasında yüksək məmnunluğa nail olunub.