İnformatika üzrə Respublika Fənn Olimpiadası BANM-də keçirilib - Fotolar

informatika-uzre-respublika-fenn-olimpiadasi-banm-de-kecirilib
Oxunma sayı: 1502

SOCAR-ın Bakı Ali Neft Məktəbində Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə İnformatika üzrə Respublika Fənn Olimpiadasının yarımfinal turu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, olimpiada iştirakçıları ilə görüşdə şagirdlərə uğurlar arzulayan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov belə mühüm yarışmaya ev sahibliyi etməkdən məmnunluq hissi duyduğunu deyib. Bildirib ki, BANM hər zaman olimpiadalara dəstək verməyə hazırdır.

Elmar Qasımov elə olimpiadaçıların sayına görə Bakı Ali Neft Məktəbinin ölkədə birinci olduğunu diqqətə çatdırıb. Rektor deyib ki, Ali Məktəb Prezident təqaüdçülərinin sayına görə də birinci yerdədir. Bu tədris ilində ölkə üzrə Prezident təqaüdünə layiq görülən 102 tələbədən 31-i BANM tələbəsi olub. Rektor Ali Məktəbin uğurlu tələbələrindən biri olan İnformasiya təhlükəsizliyi ixtisasında təhsil alan Roman Tolstoşeyevi kürsüyə dəvət edib. O, gələcəyin tələbələri ilə öz təcrübəsini bölüşüb.

Xatırladaq ki, cari tədris ilində İnformatika fənni üzrə Respublika Fənn Olimpiadalarında rekord sayda şagird iştirak edib. Onlardan 8-ci sinif üzrə 185 nəfər, 9-cu sinif üzrə 161 nəfər, 10-cu sinif üzrə 100 nəfər, 11-ci sinif üzrə 85 nəfər Respublika mərhələsinin yarımfinal turunda iştirak haqqı qazanıb.