İngiltərənin Azərbaycandakı biznes qrupunun nümayəndələri ilə görüş - Fotolar

ingilterenin-azerbaycandaki-biznes-qrupunun-numayendeleri-ile-gorus
Oxunma sayı: 1088

İyunun 16-da Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə Böyük Britaniyanın Azərbaycandakı biznes qrupunun nümayəndələri arasında görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev, Komitə sədrinin müavinləri, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarp, Birləşmiş Krallığın Azərbaycandakı biznes qrupunun rəhbəri Con Patterson və bu ölkədən olan iş adamları iştirak edib.

Birləşmiş Krallığın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarp görüşün keçirilməsindən məmnunluğunu bildirib, iki ölkənin gömrük orqanları arasındakı qarşılıqlı münasibətlərdən, sərhədlərdə təhlükəsizliyin təmin olunması istiqamətində reallaşdırılan təcrübə mübadiləsindən danışıb. Birləşmiş Krallığın Azərbaycanda fəaliyyət göstərən iş adamları ilə gömrük məsələlərinə dair müzakirələrin aparılmasını yüksək qiymətləndirən diplomat görüşü qarşılıqlı əməkdaşlıq münasibətlərinin yeni müstəvisi kimi qiymətləndirib.

Azərbaycan hökumətinin həyata keçirdiyi təşviq siyasətinə uyğun olaraq işğaldan azad edilən ərazilərdə aparılan bərpa işlərində də Birləşmiş Krallığı təmsil edən şirkətlərin fəaliyyətə başladığını bildirən Ceyms Layl Şarp qarşılıqlı əməkdaşlığın dərinləşməsi üçün mövcud imkanlardan səmərəli istifadə olunacağına ümidvar olduğunu bildirib.

Görüşdə çıxış edən DGK sədri Səfər Mehdiyev iki ölkə arasındakı səmərəli və işgüzar əməkdaşlıqdan danışıb, Birləşmiş Krallığın Azərbaycanda fəaliyyət göstərən iş adamlarının da bu münasibətlərin güclənməsinə və dərinləşməsinə mühüm töhfələr verdiyini bildirib.

O da qeyd olunub ki, hazırda “nəzarətdən xidmətə” prinsipi əsasında fəaliyyət göstərən gömrük orqanları ən müasir yanaşma və metodlardan istifadə edir və gömrük işinin təşkili prosesində çatışmazlıqların aradan qaldırılması məqsədilə hər zaman biznes nümayəndələrinin, o cümlədən britaniyalı iş adamlarının təklif və rəylərini dinləməyə, dəyərləndirməyə hazırdır.

Səfər Mehdiyev vurğulayıb ki, tətbiq edilən yeniliklərin nəticəsidir ki, son 3 ildə narkotiklərlə mübarizə çərçivəsində Avropaya daşınmasına cəhd göstərilən 6 tona qədər narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Gömrük orqanlarının şəffaflığın təmin olunması, korrupsiya və “kölgə iqtisadiyyatı”na qarşı mübarizə tədbirlərindən də bəhs edən Komitə sədri görülən işlərin nəticəsi olaraq dövlət büdcəsinə ödənəcək vergi və rüsumların 2 milyard manatdan 4 milyarda çatdırıldığını bildirib.