İnsanlar və meymunlar

insanlar-ve-meymunlar
Oxunma sayı: 1132


İnsanlar arasındakı oxşarlıqlar mənə həmişə möcüzəvi bir şeymiş görünüb. Kiminsə səsinin, gülüşünün, danışıq tərzinin hər hansı bir qohumuna, digər ailə fərdlərinə oxşarlığını görəndə həyəcan hissi keçirir və sanki qeyri-adi bir şey kəşf etmişəmmiş kimi gördüklərimi ətrafımdakı insanlara danışıram. Anası tatarıstanlı olan bir sinif yoldaşımın evinə qonaq getmişdim. Ramil xarici görünüş baxımından tamamilə atasına, qardaşları isə tatara oxşayırdılar. Kiçik qardaşı masaya yaxınlaşıb mənlə tanış olarkən donub qaldım. Təəccübümü nə qədər istəsəm də gizlədə bilmədim. Həyəcanla masadakılara üzümü çevirib dedim: “Bu qardaşınızın səsi Ramilin səsiylə eynidir”. Bunu elə bir məqamda demişdim ki, masada əyləşənlər gülməkdən az qala yerə sərildilər. Məni həyəcanlandıran bu oxşarlıq onlar üçün gülünc, adi, hamının bildiyi bir şey idi.

Meymunlara rəğbət bəslədiyimi gizlətmirəm. Meymunlarla əlaqəli tapa bildiyim bütün filmləri izləmişəm. Onların və digər bir çox heyvanın insan davranışlarını xatırladan hərəkətlərini hər dəfə görəndə yenidən təəccüblənirəm. Hər gün google axtarış sistemində “Meymunlar cəhənnəmi” adlı film seriasının növbəti filminin film saytlarına yüklənib yüklənmədiyini yoxlayıram.

Darvinin “Heyvanlarda və insanlarda bədən dili” adlı kitabı məni tibb universitetində oxumağa həvəsləndirən əsas amil olub. Tibb universitetinin ilk ilində tədris olunan genetika fənni həvəslə oxuduğum tək fənn idi. Müəllimlərin təkamül mövzusundan danışmağa çəkindiklərini də elə o il öyərndim(Türkiyə). Bir neçə dəfə təkamüllə əlaqəli sual soruşmağa cəhd etdim, müəllimlərim mənə fikir vermədi, başqasının sualı olub-olmadığı ilə maraqlandı. Sadəcə bir dəfə Genetika Klinikasına gedərək nəhayət bəzi suallara cavab tapdım. Tapdığım cavablardan biri bu idi : “Bu movzuda sualların varsa gəlib burda soruşa bilərsən. Dərsdə soruşmasan yaxşıdı”.

O illərdə Türkiyədə “Din və Darvinizim-təkamül” mövzusu aktual idi. “Siyasət meydanı” kimi verlişlərə İlahiyyatçılar, Elm adamları çağırılır və saatlarla bu mövzular müzakirə olunurdu. Məzun olduğum litseyin( İstanbulda) son ilində biologiya fənnindən təkamül prosesindən bəhs edən mövzunu keçmədiyimiz də dəqiq yadımdadır. Təhsil aldığım litseydə və universitetdə dinlə bağlı heç bir təbliğat yox idi amma müəllimlər təkamül kimi dinə tərs düşən( və ya tərs düşdüyü düşünülən) mövzuları danışmaqdan çəkinir vəya bu haqda danışmaq istəmirdilər.

Azərbaycanda da müəllimlərin bir çox mövzuda fikirlərini çətinliklə ifadə etdiklərini, fikirlərini deyərkən ehtiyat etdiklərini görürəm. Fəlsəfə müəllimi Tanrı inancına tərs düşən bir mövzudan danışarkən əvvəlcə tələbələri buna hazırlayır(az qala üzr istəyir) və “belə bir fikir də var” deyib, tələsik mövzunu dəyişir. Bunun qarşılığında isə fəlsəfə, tibb tarixi kimi fənnlərin dərsliklərində uzun-uzun Məhəmməd peyğəmbərdən bəhs edilir. Müəllim mikroskopda gördüklərini Allahın möcüzəsi adlandırır. Tibb universiteti tələbələrindən biri bu yaxınlarda belə bir fikir irəli sürdü: “İsa peyğəmbər ümumiyyətlə mövcud olmayıb. Allahın göndərdiyi tək peyğəmbər Məhəmməd peyğəmbərdir.” Dindən az-çox məlumatı olan bir insan kimi ona Quranda İsa peyğəmbərdən və daha əvvəl minlərlə peyğəmbərin göndərildiyindən bəhs edildiyini dedim. “Yox, səhv məlumatdı. Keçən dəfə filan müəllim danışdı. Ondan çox bilmirsən ki. Kişi neçə ildir namaz qılır”. Yeni fikrə açıq, yeni şeylər öyrənməyə və araşdırmağa meyilli gəncliyin üstündən beləcə xətt çəkilir.

Dininə, imanına bağlı amma eyni zamanda elmə, araşdırmağa, yeniliyə meyilli insanlar da tanıyıram. Amma belə insanlar barmaqla sayıla biləcək qədər azdır. 

Bu fikri tez-tez səsləndirirlər: “Hər ehtimala qarşı ibadət et. O biri dünyanı riskə atma.” Mənim fikrimcə şimpanzelərlə olan qohumluğumuzu isbat etmək hal-hazırda bizim üçün daha əhəmiyyətlidir. Fərz edin ki, bir gün insanların meymunlarla eyni kökdən gəldiyi təsdiq olunur, ortaya bütün sübutlar qoyulur. O zaman belə bir problem ortaya çıxacaq. Birinci kim insana çevrildi : Biz yoxsa ermənilər? Əgər Qarabağda yaşamış olan ilk insanlar bizim qohumlarımızdırsa deməli Qarabağın bizim olduğunu isbat edəcəyik. Əgər indidən təkamül nəzəriyyəsini zibil qutusuna atsaq, ermənilər dolma kimi “meymunlara” da sahib çıxacaq və biz əslində meymunların bizə daha çox oxşadığını isbat etməyə çalışacağıq. Bu da bir ehtimaldır.