1985- ci ildə ABŞ televiziyası üçün 4 film hazırlanmışdı və bu filmlərin mövzusu əsasən intihar edən gənclərlə bağlı imiş. Məqsəd xalqın şüurunu artırmaq, gənclərin problemlərinin nələr ola biləcəyini açıqlamaqmış. Filmi ərsəyə gətimək üçün rejissorlar məsləhətçilər və təlimatçıların köməyindən də xeyli yararlanırlar. Hazırlanan 4 televiziya filmi dəyişik həftələrdə yayımlanır. Filmlər gənclərin dəyişik üsullardan istifadə edərək intihar etmələrini incələyirmiş. Filmlərdən birinin sonunda intihar edən gəncin anası rolundakı qadın duyğularını ifadə edir, gənclərə və valideynlərinə məsləhət verir. Ancaq nəticə heç də gözlənilən kimi olmur. Bu 4 film yayımlandıqdan sonra, təxminən 15 gün içində intihar hadisələrinin sayının sürətlə artdığı təsbit edilir. Əgər intihar fürsəti və vasitələri gəncin tez yetişə biləcəyi şəkildədirsə bu meyldə olan gənclər üçün bunlar yol göstərici ola bilir. Ona görə də sıradan insanların intihar xəbərlərini heç verməmək, tanınmış insanların başından keçən bu hadisəni isə xəbərə çevirərkən quru bir dildən istifadə etmək, açıqlma verməmək vacibdir.
Yeniyetmə və gənclərimizin başlarından keçən intihar hadisələri hər birimizi üzür və qayğılandırır. Valideynlərin yaşanan intihar hadisələrindən sonra nə qədər narahatlıq keçirdiyini müəyyən etmək üçün sanıram mütəxəssis olmağa gərək yoxdur. Bu hadisələrin mediada təqdim etmə biçimi, həqiqətdən uzaq səbəblərə çox yer verilməsi və hadisələrin qabarıq, dramatik şəkildə oxucuya, izləyiciyə təqdim edilməsi türk qardaşlarımız demiş “yanğına körüklə getmək” dən başqa bir anlam daşımır. Bu bir həqiqətdir ki, mediada intihar xəbərləri nə qədər çox yer alırsa bənzər intihar hadisələri də o qədər artır.
Hələ keçdiyimiz günlərdə körpü üstündən özünü ataraq intihar edən gənc oğlanın şokunu atlatmamışdıq ki, bir neçə gün əvvəl “facebook” sosial şəbəkəsində dostları ilə ədəb- ərkanla vidalaşıb səhərisi gün intihar edən 19 yaşlı oğlanın xəbəri hər birimizi təəssüflər dalğasına boğdu. Ölkəmizdə bu kimi hadisələrin günbəgün artmasının əsas səbəbi nədir?
Bilmirəm sizin də diqqətinizi çəkirmi, ya yox? Nə zaman bir intihar hadisəsi yaşansa kütləvi şəkildə istifadə etdiyimiz ünsiyyət vasitələrində, mətbuatda ən geniş şəkildə, incə detalları ilə yer alır və arxasınca hər zamankından daha çox bənzər intiharlar yaşanır. Əlbətdə bunun elmi bir açıqlaması da var, bir-birinin ardınca yaşanan intiharların qarşısının alınma yolları da.
Mətbuatın cəmiyyətdə bu cür xəbərlərlə oynadığı rolla bağlı bir çox elmi araşdırma var. Məsələn ABŞ-ın Poynter İnsitutunun bu mövzuda hazırladığı bir neçə maddə var ki, bunlar intihar xəbərləri ilə bağlı xüsusi qəbul edilmiş xəbərçilik standartlarıdır: “Bənzər intiharların qarşısını almaq üçün intihar edənin yaşamına son vermək üçün istifadə etdiyi üsulları- “körpüdən özün atdı”, “özün yandırdı”, “boynuna ip keçirib özünü asdı” kimi spesifik detallar əsla yazılmamalıdır. Əsla intihar etmiş bir insanın şəkili, video görüntüsü xəbər içində verilməməlidir. İntihar hadisələri romantik üsul ilə təqdim edilməməlidir. Məsələn “bir intihar”, “intihardan ölüm”, “intihara təşəbbüs” kimi başlıqlardan qaçınmalıdır. İntihar hadisələrini xəbərə çevirərkən jurnalist özündən bəsit açıqlamlar gətirməməlidir. İntihar hadisələrindən ilk xəbər olaraq, ya da böyük başlıqlarla istifadə olunmamalıdır. Düz bir xəbər kimi yazılmalıdır ki, oxucu, izləyici intihar xəbərlərində meyillənəcək bir tərəf tapa bilməsin. Xəbərlərin sonunda intihara meyilli olanlar üçün psixoloji dəstək ala biləcəkləri mütəxəssislərin əlaqə telefonları əlavə olunmalıdır”.
Media oxucuya insanı intihara qədər aparan depresiya hadisələrinin əslində müalicə edilə bilən bir xəstəlik olduğunu çatdırmalıdır və müalicə üsulları mövzusunda xalqı məlumatlandırmalı, problemli insanları mütəxəssislərdən kömək istəməyə cəsarətləndirməlidir. Ancaq bizdə bu tamamilə əksinə həyata keçirilir. İntihar xəbərləri manşetlərə daşınaraq insanlara qarşılaşdıqları çətinliklərdən sıyırlmaq üçün ölümdən başqa asand yolun olmadığını aşılayırlar. Təbii ki, mətubatın bunu bilərəkdən etdiyini düşünmək də doğru deyil. Reytinq xətrinə yarışa çıxmış saytlar, televiziyalar çox vaxt bu üsuldan istifadə etməyə məcbur qalırlar. Ancaq bunun qarşısı qəti şəkildə alınmalıdır. Söhbət gələcəyimiz olan gənclərdən gedirsə düşünürəm ki, reytinq və İP- ni qurban verməyə dəyər.
Digər tərəfdən günbəgün artan şiddət hadisələrinin mediada yer alma şəkilinin bənzər hadisələrin insanlardakı şiddət və hücuma meyli artırdığını göstərir. Xüsusilə də intihar, cinayət və şiddət xəbərlərinin adi xəbər kimi gündəmdə tutulması, əxlaq qaydalarının göz ardı edilərək bütün detalları ilə çatdırılması bu davranışlar üçün yol göstəricisi ola bilir.
Bu vəziyyətdən narahat olan bir vətəndaş kimi bütün media və həmkarlarımı bu mövzuda daha diqqətli və məsuliyyətli davranmağa dəvət edirəm.