“İnsanların qayğılarını bilirəm” - Soltan Məmmədov

“İnsanların qayğılarını bilirəm”
Oxunma sayı: 2979

Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizədlərdən biri də Soltan Məmmədovdur. O, namizədliyini 14 saylı Xəzər seçki dairəsindən irəli sürüb. S. Məmmədov hesab edir ki, növbədənkənar parlament seçkilərinə ölkədə həyata keçirilən sosial-iqtisadi və kadr islahatlarının məntiqi nəticəsi kimi baxmaq lazımdır.

“Qafqazinfo” Soltan Məmmədovun müsahibəsini təqdim edir:

-Soltan müəllim, 20 ilə yaxındır ki, çoxsaylı layihələrdə, xüsusilə səhiyyə sahəsində ya çalışmısınız, ya da rəhbər olmusunuz. Hətta Azərbaycandan kənarda bir neçə ölkəni birləşdirən regional layihəyə rəhbərlik etmisiniz. Və birdən Milli Məclisə seçkilərdə iştirak barədə qərara gəlirsiniz...

-Həyat dəyişir. Hamımız şahidik ki, ölkədə hansı miqyasda dəyişikliklər baş verir, islahatlar həyata keçirilir. İqtisadi islahatların yeni mərhələsinə 2015-ci ildən start verilib, dünyada baş verən maliyyə böhranı dünya bazarının bir hissəsi olan Azərbaycandan da yan keçə bilməzdi. Dövlət çox çevik reaksiya verərək iqtisadiyyatın diversifikasiyası prosesini sürətləndirdi və nəticələr bu gün göz önündədir: qeyri-enerji sektorunun çəkisi getdikcə artır və bu da dövlət büdcəsinin neft-qaz hasilatından asılılığının azalmasına öz töhfəsini verir.

Ancaq ölkədə iqtisadi islahatlarla yanaşı, genişmiqyaslı kadr islahatlarına da start verilib. Bu həm də özü ilə siyasi islahatlar gətirir. Dövlət aparatında həyata keçirilən optimallaşma tədbirləri məhz bu qəbildən olan prosesdir. İcra hakimiyyəti strukturlarında edilən miqyaslı dəyişikliklər fonunda hakimiyyətin bölgüsü prinsipinə uyğun olaraq qanunverici orqanın da yeni dövrün tələblərinə cavab verməsi mütləq şərtdir. Xatırlayırsınızsa, Prezident İlham Əliyev ötən ilin sonunda verdiyi müsahibələrindən birində parlamentə keçirilən seçkilərin vaxtının əvvələ çəkilməsini məhz bu məntiqlə izah etdi. Yəni hakimiyyətin qolları arasında bir tarazlıq olmalıdır, buna görə də icra strukturlarındakı dəyişikliklər Milli Məclisin tərkibində də yenilənməni labüd edirdi. Mənim parlament seçkilərində namizədliyimi irəli sürməyimdə başlıca rol oynamış stimul məhz bu gerçəklikdən irəli gəlir. Özümü bu rəqabətdə sınamaq qərarına gəldim, seçiləcəyim tədqirdə 20 ilə yaxındır qazandığım təcrübəni qanunverici orqanda bölüşmək, qanunların hazırlanması və qəbulunda iştirak etmək istəyirəm. İndiyədək iştirakçısı olduğum layihələrdə əhatə edilən problemlərin həllinə nail olsaq da, çətinliklər və çatışmazlıqlar hələ də mövcuddur, onların həlli zaman tələb edir.

-Siz Heydər Əliyev Fondunda işləyirsiniz. Namizədliyinizin irəli sürülməsində bu amilin rolu oldumu?

-Məncə, Milli Məclisə seçkilərdə namizədliyimin verilməsinə bu müstəvidən yanaşmaq düzgün olmazdı. Axı mən Heydər Əliyev Fondunda cəmi 5 ildir işləyirəm. Baxın, mən 2000-ci ildən çoxsaylı layihələrin iştirakçısıyam. 2000-2005-ci illərdə Ümumdünya Səhiyyə Təşkilatında işləmişəm. Ətraf mühit, ana və uşaq sağlamlığı, tibbi xidmətin əlçatanlığı kimi problemləri əhatə edən layihələrə rəhbərlik etmişəm. 2005-2015-ci illərdə peyvənd proqramının təkmilləşdirilməsi prosesinin iştirakçısı olmuşam, yeni peyvəndlərin cədvələ daxil edilməsində şəxsən iştirak etmişəm. 2009-2013-cü illərdə Rostropoviç-Vişnevskaya Fondunun səhiyyə proqramlarının Orta Asiya üzrə rəhbəri vəzifəsində çalışmışam. 2010-2015-ci illərdə QİÇS, vərəm və malyariya xəstəlikləri ilə mübarizədə Azərbaycanı bu sahədə ixtisaslaşmış Qlobal Fondda təmsil etmişəm. 2017-2019-cu illərdə Qlobal Fondun Şərqi Avropa və Orta Asiya regionları üzrə İdarə Heyətində təmsil olunmuşam. 2015-ci ildən etibarən isə Heydər Əliyev Fondunda yenə də eyni təmayüllü problemlərin həlli prosesində çalışıram. Demək istəyirəm ki, Heydər Əliyev Fonduna gələndən əvvəl bu sahədə xeyli təcrübə qazanmağa müvəffəq olmuşam.

O ki qaldı namizədliyimin irəli sürülməsində Heydər Əliyev Fondunun işçisi olmağım amili... Bu, mənə rəqiblərim önündə üstünlük vermir, axı Heydər Əliyev Fondu bir qeyri-hökumət təşkilatıdır. Fondun qarşısında duran əsas missiya elm, təhsil, mədəniyyət və incəsənət, səhiyyə və idman sahələrində müxtəlif layihələr həyata keçirməklə dövlətə və xalqa xidmət etməkdir. Yəni burada heç bir siyasət yoxdur.

-Niyə məhz Binə, Zirə, Türkan və Şüvəlan qəsəbələrini əhatə edən 14 saylı Xəzər seçki dairəsi?

-İşimlə bağlı bu qəsəbələrdə çox olmuşam. Burada yaşayan insanların qayğılarını bilirəm, nələrin edilməsini arzulayırlar, xəbərdaram. Xüsusilə bu 4 qəsəbədə 14 saylı Xəzər seçki dairəsindən 3 dəfə Milli Məclisin deputatı olmuş Mehriban xanım Əliyevanın təşəbbüsü, diqqəti və himayəsi ilə hansı infrastruktur, abadlıq, təmir-tikinti işlərinin görüldüyünü, sosial aksiyaların keçirildiyini həm izləmişəm, həm də canlı iştirakçısı olmuşam. Ona görə də nələrin edildiyinin və edilməli olduğunun fərqindəyəm, məlumatlıyam və çatışmazlıqların Milli Məclisin hüdüdlarında qaldırılması, onların çözümündə parlamentdəki həmkarlarımdan dəstək ala biləcəcəyimə əminəm. Yeri gəlmişkən, bunun mənim üçün asan başa gələcəyini də düşünmürəm, çünki Mehriban xanım Əliyevanın son 3 dönəm Milli Məclis üzvlüyü ərzində bu qəsəbələrdə o qədər quruculuq və xeyirxahlıq işləri görülüb ki, bu dairədən deputatlığı özüm üçün çox ciddi sınaq olaraq qəbul edirəm.

-Görüləcək işlər deyərkən nələri nəzərdə tutursunuz? Deputat seçilsəniz, hansı məsələlərin həllinə çalışacaqsınız?

-Bilirsiniz, Bakı kimi, onun ətrafındakı qəsəbələr də sürətlə genişlənir. Təbii ki, bu, dünyanın bütün meqapolislərində baş verən urbanizasiya prosesinin təzahürüdür. Eyni zamanda, ölkədə ictimai-siyasi sabitliyin, iqtisadi vəziyyətin, əhalinin rifah halının qənaətbəxş həddə olması da öz rolunu oynayır. Yaşayış yerinin genişlənməsi özü ilə həlli tələb edilən məsələlər gətirir: yol infrastrukturu, kommunal problemlər, küçələrin işıqlandırılması, burada yaşayan insanların məşğulluq ehtiyacları, qəsəbələrdə əhali sayının artımını nəzərə alaraq yeni məktəb və uşaq bağçalarının tikilməsi və s. Bunlar hamısı öz yerində. Əlavə olaraq bir neçə məsələni də qeyd edə bilərəm: yaşıllaşdırma, səhiyyə xidmətinin təkmilləşdirilməsi, təcili tibbi yardım stansiyalarının işinin operativliyinin artırılması, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili, əlilliyi olan insanların problemlərinin həllinə nail olunması. Xüsusilə bir məqamı qeyd etmək istəyirəm: gənclərin peşə təhsili. Gənclərin müxtəlif peşələrə yiyələnmələri üçün bu işin beynəlxalq standartlara uyğun təşkil edilməsi gözəl nəticələr verə bilər. Məncə, Təhsil Nazirliyinin dəstəyi ilə bu sahədə bir canlanmaya nail olmaq üçün dairə hüdudlarını əhatə edən Zirə, Binə, Türkan və Şüvəlan qəsəbələrində əlverişli imkan və ciddi potensial var.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi