Ötən gün “Qafqazinfo”da “Bu qızın başına oyun açırlar- Dəhşətli faktlar” adlı şikayət məqaləsi yayımlanıb.
“Qafqazinfo” xəbər verir ki, redaksiyamıza müraciət edən Gülnar Ələsgərova Xəzər rayonu 4 saylı Respublika Xüsusi İnternat məktəbinin direktoru Vəfa Seyidovanın onu haqsız yerə işdən azad etməsindən narazılıq edib. O V. Seyidovaya məktəbdə sinif müəllimi işləmək üçün 5000 manat verdiyini desə də, qarşı tərəfin verilən vədə əməl etmədiyini xatırladıb.
Həmçinin G. Ələsgərova polis tərəfindən təzyiqlərə məruz qaldığını da dilə gətirib.
Bu gün internat məktəbin direktoru Vəfa Seyidovanın adından sözügedən məqalə ilə bağlı redaksiyamıza bəyanat daxil olub. Bəyanatda bildirilir ki, məqalədə göstərilən faktlar həqiqətə uyğun deyil. Belə ki, Gülnar Ələsgərova KİV haqqında Qanunun 10-cu maddəsinə əsasən Kütləvi informasiya azadlığından sui‐istifadə edərək adıçəkilən internat məktəbinin və həmin internat məktəbin direktoru Vəfa Seyidovanın işgüzar nüfuzunu ləkələyib. Maddəyə əsasən hüquqi və fiziki şəxslərin şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar vermək sui-istifadə hesab edilir.
Özünün məcburi köçkünlərin yaşadığı Şüvəlan qəsəbəsi “Yaradıcılıq” evində məskunlaşdığını bildirən G.Ələsgərova Ağcabədi rayonunda doğulub, sonradan Cəbrayıl rayon sakini ilə ailə qurub. Hazırda isə həmin şəxslə nigahını pozub. Yəni Şüvəlan qəsəbəsi “Yaradıcılıq” evində deyil, tamamilə başqa yerdə yaşayır.
Bundan başqa bildiririk ki, yazıda əsassız olaraq, 4№-li Respublika Xüsusi İnternat Məktəbinə rüşvət müqabilində qəbul olunduğunu iddia edən G.Ələsgərova adıçəkilən internat məktəbinin və Təhsil Nazirliyinin nüfuzuna xələl gətirib.
G.Ələsgərovanın işəgötürənin razılığı ilə işdən azad olunması ilə bağlı məsələyə isə əmək qanunvericiliyinə uyğun olaraq əvvəlcə məktəbin Pedeqoji Şurasında, sonra isə məktəbin Həmkarlar Təşkilatında baxılmış və kollegiyal qərara əsasən G.Ələsgərovanın müəllim əxlaqına sığmayan hərəkətlərinə və əmək intizamını kobud surətdə pozmasına uyğun olaraq işdən azad olunması məqbul hesab edilib. Yalnız Pedeqoji Şuranın və yerli Həmkarlar Təşkilatının yekdil rəyindən sonra məktəbin direktoru Vəfa Seyidova G.Ələsgərovanın işdən azad olunması haqqında əmr verib.
10.11.2015-ci il tarixdə məktəbdə keçirilən iclas zamanı, işçilərin gözü önündə G.Ələsgərova V.Seyidovaya hücum etmiş və ona əl ataraq xəsarət yetirib. Bu hadisə yerindəcə aktlaşdırılmış və hüquq mühafizə orqanlarının ixtiyarına verilib. Bundan sonra G.Ələsgərova işə bərpa iddiası ilə Xəzər Rayon Məhkəməsinə müraciət edib. Hazırda iş məhkəmənin icraatındadır.
Həmçinin bildiririk ki, G.Ələsgərovanın barəsində Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə (xuliqanlıq) cinayət işi başlanmış, hal-hazırda istintaq başa çatmış iş məhkəmə baxışına təqdim edilib.
Bundan başqa G.Ələsgərovanın işə qəbul edilməsi üçün V.Seyidovaya 5000 manat rüşvət verməsi ilə əlaqədar iddiası əsassızdır və bununla bağlı Xəzər rayon Məhkəməsinə şər xarakterlı ifadə verməsi ilə əlaqədar qərar qəbul edilməsinə dair müraciət edilib.
Son xəbərlər
Son Xəbərlər