Hüquqşünas İntiqam Əliyev saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov məlumat verib. Onun sözlərinə görə, İ.Əliyev şahid qismində ifadə vermək üçün Ağır Cinayətlər İdarəsinə çağırılıb:
“Nə olacaq bilinmir. Məni istəyib vəkil kimi gedirəm”.
***
Mediapostun məlumatına görə, hazırda polis əməkdaşları onun evində axtarış aparırlar.
***
AzadlıqRadiosuna İntiqam Əliyevin oğlu Nəcmin Əliyev atasının saxlanılması ilə bağlı belə açıqlama verib:
«Atamı səhər aparıblar, telefonuna zəng çatmır. İndi bizim Saraydakı evimizdə 10 nəfərə yaxın prokurorluq əməkdaşı axtarış aparır. Hər şeyi yoxlayırlar».
Nəcmin Əliyevin dediyinə görə, evə gələn prokurorluq əməkdaşları ona axtarış aparmağa icazə ilə bağlı məhkəmə qərarı təqdim ediblər.
Bir müddət əvvəl İntiqam Əliyevin rəhbəri olduğu Hüquq Maarifçiliyi Cəmiyyətinin hesabına həbs qoyulub.
Ötən ilin martında hüquqşünas, vəkil və insan haqları müdafiəçisi İntiqam Əliyevə «People in Need» insan haqları təşkilatının mükafatı təqdim edilib.
«Homo Homini» adlanan mükafat hər il insan haqları sahəsində fədakarlıq göstərən fəallara verilir.
***
Musavat.comun məlumatına görə, İntiqam Əliyev Baş prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsindən ofisinə gətirilib və axtarış onun iştirakı ilə aparılır. Media təmsilçiləri və bir sıra partiyaların fəalları Azadlıq Prospekti 71 ünvanında yerləşən ofisin qarşısındadır.
***
"Qafqazinfo" xəbər verir ki, İntiqam Əliyev hazırda Nəsimi məhkəməsinə aparılıb.
***
Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin nədə ittiham olunduğu açıqlanıb.
Vəkil Cavad Cavadov APA-ya bildirib ki, İ. Əliyevə Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham elan olunub və yaxın saatlarda onun barəsində məhkəmə qərarı veriləcək.
Son xəbərlər
Son Xəbərlər