İnvestisiyaların təşviqinə dair konfrans keçirilib

investisiyalarin-tesviqine-dair-konfrans-kecirilib
Oxunma sayı: 702

Bu gün İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda investisiyaların təşviqi: yeni yanaşmalar və prioritetlər” mövzusunda konfrans keçirilib.

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, konfransda sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən müəssisələrin, dövlət orqanlarının və ticarət palatalarının 250-dən çox nümayəndəsi iştirak ediblər. İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində həyata keçirilən sistemli tədbirlər barədə məlumat verib.

Qeyd edilib ki, ölkə başçısının müvafiq Fərmanları ilə yaradılmış Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Qaradağ Sənaye Parkı artıq fəaliyyət göstərir və bu parklarda rezidentlərin səmərəli fəaliyyəti üçün güzəştli rejim yaradılıb.

Sumqayıt Kimya Sənaye Parkının artıq 8 rezidenti var və bu rezidentlər tərəfindən sənaye parkına 1,1 mlrd. dollardan çox investisiyanın yatırılması və 2200 iş yerinin yaradılması gözlənilir. Hazırda Sumqayıt Kimya Sənaye Parkının növbəti - 9-cu rezidentinin qeydiyyata alınması üçün işlər görülür.

Neftçala Sənaye Məhəlləsində hazırda son tamamlama işləri aparılır və yaxın vaxtlarda sahibkarların istifadəsinə veriləcək. Sahibkarlar tərəfindən Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün 17 layihə təqdim edilib. İlkin mərhələdə ümumi investisiya məbləği 20 milyon manatdan çox olan 7 layihə icra olunacaq və 380 iş yeri açılacaq.

Mingəçevir Sənaye Parkının təşkili istiqamətində tədbirlər həyata keçirilir və ilkin hesabalamalara əsasən buraya 100 mln. dollardan çox investisiyanın yatırılması və 2 min iş yerinin açılması nəzərdə tutulur. Gəncədə sənaye parkının yaradılması istiqamətində işlər aparılır.

Konfrans çərçivəsində investisiya təşviqi sənədinin alınması üçün Nazirliyə müraciət etmiş sahibkarlara investisiya təşviqi sənədlərinin təqdim ediləcəyini, təqdim olunan 15 layihənin icrası nəticəsində yerli istehsala 160 mln. manatdan çox investisiya yatırılacağını, 1400-ə yaxın yeni iş yerlərinin yaradılacağı diqqətə çatdırılıb. Qeyd edilib ki, investsiya təşviqi sənədi alan sahibkarlar üçün bir sıra güzəştlər nəzərdə tutulur. Tədbirdə investisiya təşviqi mexanizminə dair təqdimat keçirilib, sənədin verilməsi prosesi və qanunvericilik bazası, sahibkarlara qazandırdığı güzəştlər barədə tədbir iştirakçılarına məlumat verilib, İqtisadiyyat Nazirliyi tərəfindən bundan sonra da investisiya təşviqi sənədinin alınması üçün müraciət edənlərə lazımi köməklik göstəriləcəyi qeyd edilib. Tədbirin sonunda iqtisadiyyat naziri Şahin Mustafayev bir qrup şirkət nümayəndəsinə investisiya təşviqi sənədlərini, eləcə də Sumqayıt Kimya Sənaye Parkının yeni rezidenti “Aqrokimya Azərbaycan” MMC-yə qeydiyyat şəhadətnaməsini təqdim edib.