“Qafqazinfo” nun məlumatına görə, şikayətçilər deyib ki, onlar 2013-cü ilin may ayının 26-dan dekabrın 28-nə qədər “Qrand” Holdinqin tərkibində olan “AYSİ” MMC-nin Qubada tikdirdiyi “RİXOS” otelinin tikintisində işləyiblər. Tikinti başa çatıb və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev otelin açılışında iştirak edərək, açılışı edib. Lakin buna baxmayaraq hələ də onlara çatacaq əmək haqlarının çox hissəsini ala bilməyiblər. İşçilərin alacağı məbləğ isə 270 min manatdan artıqdır. Dəfələrlə otelin tikintisinə məhsul olan Haluq Haqqı Sözbilenə müraciət etsələr də, təhdidə məruz qalıblar. Adı çəkilən məhsul şəxs onlara “Burası Azərbaycan” deyərək onları təhdid edib. Hətta dediklərinə görə, onlara istehza ilə təklif edib ki, “ istəyirsiniz 15 nəfər yığışıb özünüzü yandırın ”.
İşçilərin “AYSİ” MMC –nin rəhbər qismində çıxış edən Gülhan Mümdedənə də müraciətləri cavabsız qalıb.
Şikayətçilər əlavə olaraq qeyd ediblər ki, bir neçə dəfə müraciət etsələr də, adı çəkilən şirkət buğun- sabah edərək müqavilə imzalamayıb. Onlardan şəxsiyyət vəsiqələri yığılıb, qeydiyyat aparılıb. Sonradan müqavilə imzalanmadan özlərinə qaytarılıb.
İşçilər onu da əlavə ediblər ki, “Qrand” Holdinq iş adamı Hafiz Məmmədovun məxsusdur.
Qeyd edək ki, işçilər arasında Qarabağ müharibəsi veteranları da var. Onlar bildiriblər ki, haqlarını tələb etdikləri üçün təhdid olunurlar.
Millət vəkili İqbal Ağazadə şikayətçiləri dinlədikdən sonra, məsələnin həlli istiqamətində onlara köməklik göstərəcəyini bildirib. Deyib ki, bununla bağlı Respublikanın Baş Prokuroruna, Korrupsiya Qarşı Mübarizə İdarəsinə, “RİXOS” otelinin rəhbərliyinə, o cümlədən Vergilər Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edəcək.