“İqlim dəyişmələri ölkəmizin torpaq iqlim şəraitinə ciddi təsir göstərir”

iqlim-deyismeleri-olkemizin-torpaq-iqlim-seraitine-ciddi-tesir-gosterir
Oxunma sayı: 1093

Aqrar Tədqiqatlar Mərkəzində “Əlverişsiz iqlim şəraitinin kənd təsərrüfatına təsirləri” mövzusu müzakirə aparılıb. “Qafqazinfo” ya daxil olan məlumata görə, tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin strukturuna daxil olan elmi-tədqiqat institutlarının rəhbərləri iştirak ediblər.

Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov bildirib ki, qlobal miqyasda gedən iqlim dəyişmələri ölkəmizin torpaq iqlim şəraitinə də ciddi təsir göstərir. Mərkəz rəhbəri qeyd edib ki, yağıntı və şaxtanın olmaması, mövsümün mülayim keçməsi ilk növbədə, əkinçilikdə bitkilərin vegetativ inkişafının normada getməsinə mane olmaqla yanaşı, ziyanvericilərin aktivləşməsinə səbəb olur: “Mərkəz son dövrlərdə maarifləndirmə tədbirlərini gücləndirərək fermerlər arasında bilik və bacarıqların artırılmasına, kiçik və orta təsərrüfatlarda innovativ becərmə texnologiyalarının təbliğ olunmasına çalışır, quraqlıqla əlaqədar resursqoruyucu aqrotexniki tələblərin təmin olunmasını aşılamağa çalışır. Bu maarifləndirmə tədbirləri Mərkəzin strukturuna daxil olan 7 elmi-tədqiqat institutu, 48 təcrübə təsərrüfatı, 8 regional elm və innovasiya mərkəzi tərəfindən həyata keçirilir”.

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Siyalə Rüstəmova qlobal istiləşmənin heyvandarlığa təsirinə toxunub. Bildirib ki, quraqlıq ilk növbədə, heyvandarlıq üçün vacib olan yem ehtiyatının keyfiyyət göstəricilərinə mənfi təsir göstərir: “Mövsümə uyğun olmayan istiləşmə heyvanlar arasında yeni epidemiya və epizootiyaların yayılması ehtimalını artırır. Belə ki, qansoran həşaratlar, böcəklər və meşə zərərvericiləri kütləvi şəkildə vaxtından tez oyanaraq xəstəliklərin yayılmasına səbəb olur”.