İqtisadiyyat naziri Cocuq Mərcanlıda qəbul keçirdi - Fotolar

iqtisadiyyat-naziri-cocuq-mercanlida-qebul-kecirdi
Oxunma sayı: 4902

İyulun 27-də iqtisadiyyat naziri Şahin Mustafayev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Füzuli, Cəbrayıl və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edib. 

“Qafqazinfo” xəbər verir ki, qəbula gələnlər güzəştli kreditlərin verilməsi, heyvandarlıq, Cocuq Mərcanlı qəsəbəsinə suvarma suyunun çəkilməsi, Füzuli rayonunun Zobucuq-3 qəsəbəsində xalçaçılıq emalatxanasının, özünüməşğulluq proqramı çərçivəsində ailə təsərrüfatının yaradılması, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri Şahin Mustafayev tərəfindən dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verilib.

Eyni zamanda, qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, heyvandarlıq, quşçuluq, bitkiçilik və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Qəbulda iqtisadiyyat naziri tərəfindən Füzuli, Cəbrayıl və Beyləqan rayonlarından olan vətəndaşlarla yanaşı, digər şəhər və rayonlardan olan və qəbul zamanı birbaşa müraciət edən vətəndaşlar da qəbul edilib, onların müraciətlərinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün müvafiq tədbirlər görülüb.