Yanvarın 18-də İqtisadiyyat Nazirliyində Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 20 Yanvar faciəsinə həsr olunmuş “Qanlı Bakı” filmi nümayiş olunub.
Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Ayaz Əliyev Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsindən danışaraq, Sovet imperiyasının 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşilikləri, günahsız insanların qətlə yetirildiyini xatırladıb.

Qeyd edilib ki, SSRİ rəhbərliyinin göstərişi ilə törədilmiş dəhşətli cinayət, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməyib, əksinə xalqı daha da birləşdirib, mübarizliyini artırıb.
Tədbirdə çıxış edənlər 20 Yanvar hadisələri barədə geniş məlumat verib, həmin gecənin Azərbaycan tarixində təkcə faciə deyil, həm də milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu vurğulayıblar.
Son xəbərlər
Son Xəbərlər