İradə Gülməmmədova Ceyranbatanda 14-cü qəbulu keçirdi - Foto

irade-gulmemmedova-ceyranbatanda-14-cu-qebulu-kecirdi
Oxunma sayı: 1868

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Ceyranbatan qəsəbəsində sayca 14-cü səyyar qəbul-görüşü keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, görüşdə hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak edib.

Səyyar qəbulların məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu bildirən İ.Gülməmmədova ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud ictimai-siyasi sabitliyindən, həmçinin ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq son illər Abşeronda həyata keçirilən sosial infrastruktur layihələrdən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən ətraflı danışıb.

Abşeron RİH başçısının müavini İlham Quliyev çıxış edərək son 5 ildə qəsəbə ərazisində görülmüş işlər haqqında ümumi məlumat verib.

Sonra Abşeron RİH başçısının Ceyranbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Müşfiq İsmayılov hesabat xarakterli çıxış edərək görülən iş, həyata keçirdikləri abadlıq-quruculuq tədbirləri və qarşıda duran vəzifələr barəsində danışıb.

Qəbula gələn sakinlər bəzi yeni salınan küçələrin abadlaşdırılması, telefon xəttlərinin çəkilməsi və sairlə bağlı köməklik göstərilməsini xahiş ediblər.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.