İran hökuməti mitinqlərdən sonra 19 milyon ailəyə təzminat ödəyəcək

iran-hokumeti-mitinqlerden-sonra-19-milyon-aileye-tezminat-odeyecek
Oxunma sayı: 2584

İran hökuməti bu gün axşam saatlarından etibarən benzin qiymətlərinin artmasından ən çox zərər görən ən kasıb insanlara təzminat ödəməyə başlayacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə “ISNA” agentliyi məlumat yayıb.

Bildirilir ki, təxminən 19 milyon ailə subsidiya alacaq. Ödənişlərin miqdarı ailə üzvlərinin sayından asılı olacaq.

Hökümətin planına uyğun olaraq, İran ailələri 0,55 milyon rialdan (5 dollar) 2,05 milyon riyala (18 dollar) qədər təzminat alacaqlar. Vətəndaşlar cari həftə ərzində üç mərhələdə pul alacaqlar. Gələcəkdə bu ödənişlərin aylıq olacağı ehtimal edilir. 

Xatırladaq ki, noyabrın 15-də İranda benzinin qiymətinin iki dəfə - 15 min rialdan (0,09 dollar) 30 min riala (təxminən 0,2 dollar) qədər artırılması barədə hökumət qərarı qüvvəyə minib. Kvota çərçivəsində benzinin güzəştli qiyməti 50% (15 min riyala qədər) bahalaşıb. Yeni qaydalara görə, avtomobil sahibi bu qiymətə ayda 60 litrə qədər benzin, motosiklet sahibi 25 litrə qədər benzin ala bilər. Taksi sürücüləri üçün ayrıca kvota verilir - 400 litr.

Bu qərardan sonra İranın bir neçə şəhərində etiraz aksiyaları keçirilib, polislə qarşıdurmalar baş verib. Nümayişçilər bankların ofislərini və yanacaqdoldurma məntəqələrini atəşə tutublar. Yüzlərlə yaşayış məntəqəsində iğtişaşlar qeydə alınıb.

Yerli və Qərb KİV-nin məlumatına görə, iğtişaşlar zamanı 30-a yaxın insan həyatını itirib, onlarla insan yaralanıb. Şənbə günü, hakimiyyət yalnız bəzi onlayn xidmətlərə giriş buraxaraq ölkədə interneti bağlayıb. Bu tədbirin bir gün davam etməsi nəzərdə tutulsa da hazırda şəbəkəyə giriş hələ bərpa edilməyib.