“İran məmurları belə kobud xətalara tez-tez yer verirlər”

iran-memurlari-bele-kobud-xetalara-tez-tez-yer-verirler
Oxunma sayı: 7082

Azərbaycanın sərhəd qonşularına zərrə də hörmətsizliyi olmayıb. Geosiyasi, geoiqtisadi, geomədəni və bu kimi bütün siyasi istqamətlərin pozulmadığına çalışan dövlət belə olur. Əksinə, xüsusən qonşularla, ümumilikdəsə xarici ölkələrlə münasibətdə qeyri-səmimilik rəsmi Bakının davranışından nəinki uzaq olub, bu davranış ona aid deyil. 
Təəssüf, qonşuluqda siyasətin eldə deyilmiş mənasına xidmət edən mövqe sahibi ölkələr də var. Siyasət düzlükdür, dəqiqlikdir, etibardır, həm də əlbəttə, bacarıqdır. Qeyri-səmimi olmaq bacarıq göstəricisi deyil. 
Konkret olaq. Ermənistan heç, bu ölkə siyasətindəki naqisliyi ilə seçilən bizim üçün tək ərazidir. Vətən müharibəsi nidasını qoydu, indi də sülh üçün nida-nida addımlar atır. 
Ermənisanda ünvanladığımız 5 prinsipin hər biri ayrıca nidadır. O ölkənin rəhbərləri bu prinsipləri qəbul etdiklərini rəsmən təsdiqlədilər. Hazırda proses gedir. Tam aydın olan bir mənzərəyə ürəkbulandırıcı detal əlavə olunanda bütün mənzərə pozulur – qara tünd ləkədir. Əgər onun adı ağdırsa, ona qara deyilirsə, bu, dəqiq ləkədir. 
Ləkələnməyən mənzərəsə belədir: Azərbaycan ərazilərini əks hücümlar nəticəsində sonradan adı Vətən müharibəsi kimi tarixə düşən savaşla geri qaytarıb. Detallara varmayaq, onda gərək 44 gün rəqəmi ilə kifayətlənək – o özü də bir qoşa nidadır.
İndi sülh üçün çalışılır. Beynəlxalq görüşlər keçirilir, öhdəliklər götürülür, qərarlar imzalanır. 
Bununla yanaşı Azərbaycan başqa ölkələrlə də dost münasibətlərini inkişaf etdirməkdədir. Məsələn, biri elə İran. Tariximiz yaxın, dilimiz yaxın (dilimizdə xeyli ərəb, fars sözləri var), Allahmız bir, kitabımız Quran, səcdəgahımız namaz, siyasətimiz də Azərbaycan tərəfindən tam aydın. 
Doğrusu, azərbaycanlı istəməzdi Ermənistanın pis qonşu imicini əlindən alan ikinci ölkə olsun. Bu ölkənin İran olduğunu heç istəməzdi. Yenə təəssüf. 
Rəsmi xəbəri oxuyaq, hələ gör qeyri-rəsmi nələr olub.
İyulun 7-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə görüşüb.
Təhlükəsizlik Şurasının katibləri iki ölkə arasında çoxsahəli əməkdaşlığın davamlı inkişaf tendensiyasına toxunublar və bu kontekstdə ikitərəfli iqtisadi qarşılıqlı fəaliyyətin vacibliyini və onun inkişafının zəruriliyini qeyd ediblər.
Ermənistan-İran iqtisadi əlaqələri və xüsusilə, Syunik bölgəsinin inkişafı kontekstində İranın Çabahar limanının əhəmiyyəti xüsusi vurğulanıb. Tərəflərin Meğri Azad İqtisadi Zonası və Şimal-Cənub yol dəhlizi çərçivəsində əməkdaşlığı davam etdirmək istəyi hər iki tərəf tərəfindən yüksək qiymətləndirilib.
Armen Qrigoryan Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesini təqdim edərək, bu prosesdə dəhliz məntiqi ilə hər hansı məsələnin müzakirə olunmadığını vurğulayıb. İranın Təhlükəsizlik Şurasının katibi Əli Şamxani qeyd edib ki, qeyd olunanlar kontekstində dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət edilməlidir.
Tərəflər dialoqu davam etdirmək üçün növbəti dəfə Ermənistan-İran sərhəddində görüşmək barədə razılığa gəliblər.
Hansı ölkədə ki, orada qonşunun ərazi bütövlüyünə zərrə də hörmət qoyulmayıb və o qonşuya qarşı vandalizm aktı yaşanıb. Tarixi də az olmayıb - əsrin 3-də biri. 
Hörmətli Əli Şamxani siyasi gediş edibmiş kimi həmkarının çıxışına istinadən “qeyd olunanlar kontekstində” ifadəsini səsləndirib. Əlbəttə, köhnəlmiş gedişdir. Bu ifadənin ardınca  “dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət edilməlidir” ifadəsinin heç yeri deyildi. Siyasət o qədər cılız deyil ki, onunla belə məşğul olasız. Bir cümləlik fikirdə ziddiyət aydın görünür. Siyasətçi yeri olmayan ifadə işlətməz. 
Ermənistanın ərazi bütövlüyünə hörmətsizlik faktı ümumiyyətlə yoxdur və olmayıb. Bu ərazinin sərhədlərinə də toxunan olmayıb. Azərbaycana hörmətsizlik edilib, cavablarını da alıblar. 
Hələ də ərazimizdə quldur dəstələri terrorçu planlar hazırlayır, onları icra edirlər. Hələ də Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozmaqdadır. Bir məmurun açıqlamasını bir dövlətin adına yazmaq da bir qədər tələsik yanaşma olar. Sadəcə, İran məmurları belə kobud xətalara tez-tez yer verirlər. 
Azərbaycanın siyasətində keçmişi unutmadan gələcəyə baxış strategiyası əsas xəttdir. Vətən müharibəsindəki İranın hətta dövlət səviyyəsində əleyhimizə işlədiyini mətbuat tarixə yazdı. Sonra qalib ölkə ilə daha səmimi münasibətin şahidi olduq – İslam qardaşlarından. İndi yenə sərin küləklər əsirmiş kimi görünür.  
Zəngəzur dəhlizi gündəmə gələndən İranın ərazi bütövlüyü haqda bəyanatları yalnız Ermənistanın ərazi bütövlüyü kontekstində səslənir. Vaxtilə Azərbaycan əraziləri işğal altında olanda İran “ərazi bütövlüyü” mövzusuna bu qədər “həssas” yanaşmırdı heç. Halbuki Azərbaycanın ərazi bütövlüyü pozulmuşdu. 
İranın Azərbaycana qarşı münasibəti çox sürüşkəndir. Belə məqsədə çatmaq olmur. Hazırda müharibə bitib, delimitasiya və demarkasiya proseslərinə başlanılması ilə bağlı komissiyaların görüşü olub. İndiki mərhələdə haqlıda haqlı qıcıq yaradacaq bəyanat sülhə zərərdir. Bu həqiqəti bilməmək dövlət adamına yaraşmırsa, bilib əməl etməmək də heç yerdə qəbul olunmayan siyasətdir. 
Viktor Hüqonun fikridir: "Qaliblərin yanında olmaq alicənablıqdır". Hörmətli İran, alicənablıq hər mənada dürüstlükdür. Dolayısı ilə Ermənistanın yanında olmaq, yəni məğlubun dilinə söz vermək, dürüstlüyün əksidir. 

Ceyhun Musaoğlu