İran nota verdi

iran-nota-verdi
Oxunma sayı: 643

İran iki gün əvvəl Heratdakı konsulluğunun qarşısında baş vermiş hadisələrə etiraz edib və Əfqanıstanı bu ölkədəki diplomatları və diplomatik korpuslarının təhlükəsizliyinin təmin edilməsinə dair öhdəliklərini yerinə yetirməyə çağırıb.

Beynəlxalq KİV-lərin məlumatına görə, iki gün əvvəl Əfqanıstanın İslam Qala şəhərciyinin əhalisindən 150 nəfər etirazçı İranın Heratdakı konsulluğuna hücum ediblər. Onlar İran sərhədində öldürülmüş 13 gəncin cənazəsinin valideynlərinə təhvil verilməsini tələb ediblər. Etirazçılar elan ediblər ki, üç ay yarım öncə həmin gənclər İrana işləmək məqsədilə getsələr də, itkin düşüblər. Etirazçılar həmin 13 gəncin İran sərhədçiləri tərəfindən öldürüldüyünü iddia ediblər.

IRNA agentliyi isə İran XİN-dəki mənbəyə istinadən yazır ki, Heratdakı etiraz aksiyası 13 şəxsin İran sərhədçiləri tərəfindən öldürülməsi bəhanəsi ilə baş tutub, lakin həmin şəxslərin İran sərhədçiləri tərəfindən öldürülməsi həqiqətəuyğun deyil.
Məlumatda bildirilir ki, İran Heratdakı konsulluğunun fəaliyyətini müvəqqəti olaraq dayandırıb.