“İran və Ermənistan anti-Azərbaycan fəaliyyət üzərindən birlik sərgiləyir”

“İran və Ermənistan anti-Azərbaycan fəaliyyət üzərindən birlik sərgiləyir”
Oxunma sayı: 3932

İran müsəlman dini abidələrini təhqir edən işğalçı Ermənistanla ən sıx münasibətlərə malik yeganə İslam dövlətdir.

İranın hərbi-ruhani dairələrinin davam etməkdə olan anti-Azərbaycan fəaliyyəti istər-istəməz yenidən o sualı aktuallaşdırır ki, bu ölkənin mollalarını, rəsmilərini narahat edən nədir? Azərbaycan qonşuluq münasibətlərinə xələl gətirən hansı addımı atıb ki, İranın molla rejimi bu dərəcədə qeyzlənib?

Birmənalı şəkildə vurğulamaq mümkündür ki, 30 illik müstəqillik dövründə Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, bütün qonşuları ilə yüksək əlaqələr qurmağa çalışıb və buna nail olub. Əhalisinin böyük əksəriyyəti soydaşlarımızdan ibarət olan, özünü İslam dövləti adlandıran İranla da Azərbaycan bütün müstəvilərdə əlaqələrin inkişafı üçün real fəaliyyət ortaya qoyub. Bundan başqa, Azərbaycan öz ərazisindən üçüncü ölkələrin İrana qarşı istifadə etməsinə imkan verməyib və bununla bağlı ən yüksək səviyyədə bəyanatlar verərək praktiki addımlar atıb. İrana qarşı sanksiyalar tətbiq edilən zaman da Azərbaycan qonşu dövlət kimi bu prosesə qoşulmayıb və bunun əleyhinə olan açıq, konkret mövqe sərgiləyib. 

Qarşılığında isə Azərbaycan həmişə özünə qarşı səmimi münasibətdə olmayan, ölkəmizin müstəqil siyasətindən, güclənməsindən narahat olan İranı görüb. Üzdə Azərbaycanla xoş münasibətlərdən danışan İran reallıqda işğalçı Ermənistanla bir çərgədə dayanıb. Qarabağda İslam aləminə məxsus tarixi abidələri məhv edən, məscidləri viran qoyan, orada donuz saxlayan Ermənistanla müsəlman ölkəsi olan İranı birləşdirən səbəb sadədir. Nə yazıq ki, hər iki dövlət güclü Azərbaycanın varlığından həmişə narahat olub. İllərdir, İran və Ermənistan məhz anti-Azərbaycan fəaliyyət üzərindən birlik sərgiləyir. Necə ki Ermənistan güclü orduya, güclü iqtisadiyyata malik Azərbaycan görmək istəmir, eyni ilə İran da ölkəmizin qüdrətlənməsindən, inkişafından narahatdır. İran necə ki, dünən Ermənistan üçün nəfəslik rolunu oynayırdısa, bu gündə belədir. Gəlin baxaq; bu gün dünyada Allahın evi qəbul edilən məscidləri təhqir edən işğalçı Ermənistanla bu dərəcədə yaxınlıq göstərən ikinci müsəlman dövləti varmı? Təbii ki yox!

44 günlük Vətən müharibəsindəki tarixi Qələbə də eyni ilə bu mehriban qonşuların yuxusunu ərşə çəkib. Görünən odur ki, Azərbaycanın işğal altındakı torpaqlarını qaytarması İran mollalarını Ermənistandan heç də az narahat etməyib. Qeyri-qanuni fəaliyyət üçün istifadə edilən Azərbaycan torpaqlarının azadlığa qovuşmasından sonra İran heç cür dinclik tapa bilmir. Azərbaycanın Qələbəsinə kölgə salmaq, ölkəmizi aşağılamaq üçün müxtəlif yollara əl atırlar.

İran mollaları son vaxtlar daha açıq şəkildə Azərbaycanın daxili işlərinə burunlarını soxmağa, ölkədə qarışıqlıq yaratmağa çalışırlar. Dürlü-dürlü bəhanələrlə Azərbaycana qarşı hücumları gücləndirən molla rejimi uğursuzluğa düçar olsa da, fəaliyyətinə ara vermir. Güclü, ərazilərini işğaldan azad edən, müstəqil siyasətə malik Azərbaycanla əlaqələrin inkişafı haqda düşünməli olan İran tam əksinə siyasət yürüdərək, öz mənasız və populist bəyanatlarını davam etdirir. 

İran mollalarının Azərbaycanda istəklərinə nail ola bilməməsinin başlıca səbəbi isə cəmiyyətin əsl reallıqları görməsidir. Harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar, o cümlədən İrandakı soydaşlarımız bilir ki,

- Ermənistanın istər işğal dönəmində, istərsə də ondan sonrakı dövrdə bir nömrəli dostu özünü İslam Respublikası adlandıran İran olub və bu gün də ermənilərin əsas havadarlarından biri kimi çıxış etməkdədir.
- 30 illik işğal dövründə İran müsəlman ölkəsi olaraq Ermənistanla açıq və gizli iqtisadi əlaqələrə malik ölkə kimi ilk yerdə dayanıb, Ermənistan və İran rəsmilərinin qarşılıqlı səfərləri təkcə ikitərəfli əlaqələrin inikişafı istiqamətində görülən işlərlə yadda qalmayıb, rəsmi şəxslər bir-birlərinin ünvanlarına ən gözəl təriflər də yağdırıblar. Bu siyasət indi yeni çalarlarla daha da irəliləməkdədir.

- İşğal olunmuş ərazilərdə daşlar, dəmirlər məhz iranlı işbazlar tərəfindən daşınıb aparılıb və İran dövlətinin məlumatlı olduğu bu proses nəticəsində Qarabağda daş-daş üstdə qalmayıb.

- 44 günlük Vətən müharibəsi zamanı İran Azərbaycan dronlarının sərhəd ərazilərdə uçmasından narahatlığını ifadə edərək, öz ərazisindən Ermənistana silah, yanacaq daşınmasına imkan yaradıb. 

- İran İrəvanda Azərbaycan irsi olan Göy Məscidin tarixinin saxtalaşdırılmasında və dünyaya fars məscidi kimi tanıtdırılmasında illərdir Ermənistanla birlikdə fəliyyət göstərir. İranın həmin məscidi son illərdə iki dəfə təmir etməsi, orada Azərbaycan tarixinə və mədəniyyətinə dair izlərin silinməsi, hazırda İran mərkəzi kimi fəaliyyətinin təşkili, məscidin İran tərəfindən icarəyə götürülməsi faktdır.

Siyahını daha da genişləndirmək olar. Bu sırada İranın Azərbaycanın işğal edilmiş ərazilərində 60-dan çox məscidin dağıdılmasına hələ də susması və bu müqəddəs yerlərdə vaxtilə donuzların saxlanılmasına etiraz səsini qaldırmaması xüsusi vurğulanmalıdır.

Yeri gəlmişkən, bu arada iranşünas və iransevər, Paşinyan hökumətinin tənqidçisi, professor Vardan Voskanyanın İrana səfərləri diqqəti cəlb edir. O, Qum şəhərində Ayətullah Mərəşinin yaratdığı kitabxanada saxlanılan Quranın ən böyük əlyazmasının yanında fotosunu paylaşıb. Xatırlatmaq yerinə düşər ki, Voskanyan Yerevan Dövlət Universitetində iranşünaslıq kafedrasının müdiridir və İranda Azərbaycana düşmən kəsilən, ölkəmizə qarşı təbliğat aparan qüvvələr ilə sıx əməkdaşlıq edir. İranın sevimlisi olan (Voskanyan Qasım Süleymani qətlə yetiriləndə də Təbrizə gələrək rəsmi Tehrana hüsn-rəğbətini ortaya qoymuşdu) bu adam işğal dövründə guya məscidləri bərpa edən qrupun işini əlaqələndirib. Bu faktın özü İran mollalarının necə bir ikiüzlü, fitnəkar siyasətə malik xətt tutduqlarını isbatlayır. Voskanyan məscidlərdə donuz saxlayan və İslamı təhqir edən erməni xalqının təmsilçisi deyilmi? İran bu şəxsə öz maraqları üçün qucaq açır. Ermənilər məscidləri viran qoyan faşist xislətli millətdir və onların Qarabağda etdikləri vəhşilkiləri bütün dünya görür. Qonşu İran isə bunu “görmür”.

İran mollalarının, bəzi siyasətçilərinin dili ilə Azərbaycanın ünvanına yağdırdığı yersiz bəyanatları durdurmalıdır. Bölgədə yaranan yeni reallığın geriyə qüvvəsi yoxdur. İran mollaları Azərbaycanın qələbəsini həzm etməli, hamını düşmən gözündə görmək siyasətindən əl çəkməli və ayılmalıdır. Ancaq bu yolla Azərbaycanla dostluq və qonşuluq münasibətləri qurmaq mümkündür. Çağdaş dünya və yeni reallıq bunu tələb edir. Hədyanlarla nəyəsə nail olmaq mümkünsüzdür. 

İran bilməmiş deyil ki, Azərbaycan heç vaxt heç bir ölkəyə öz daxili işlərinə qarışmağa imkan verməyib və bunun üçün edilən cəhdlər hədəfinə çatmayıb. İran mollaları, bəlli çevrələr bu reallıqları bilə-bilə anti-Azərbaycan fəaliyyətlərini davam etdirməkdən çəkinməli, ermənilərlə eynilik təşkil edən siyasəti dəyişməlidir.

Elman Babayev 

Əməkdar jurnalist