İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianı Suriyaya səfərə aparan təyyarə istiqamətini dəyişərək geri qayıtmalı olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Arabic” yayıb.
Məlumata görə, Abdullahianın təyyarəsi bu gün günorta saatlarında Suriyanın Dəməşq şəhərinin hava limanında yerə enməli idi.
Bildirilir ki, İsrail ordusunun Dəməşq aeroportuna zərbələr endirməsi və hava limanının uçuş-eniş zolağının zədələnməsi buna əngəl olub.
Xatırladaq ki, “Al-Watan” qəzeti İsrail hərbçilərinin Suriyanın Dəməşq və Hələb şəhərlərinin hava limanlarına zərbələr endirdiyi barədə məlumat yayıb. Qəzet iddia edir ki, İsrail ordusu sözügedən hava limanlarının eniş və uçuş zolaqlarına zərbə endirib və hazırda hər iki aeroport işini dayandırıb.