İranda Azərbaycan mədəniyyəti günləri... - Fotolar

iranda-azerbaycan-medeniyyeti-gunleri
Oxunma sayı: 1005

İyulun 4-də Tehranın Vəhdət sarayında Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılış mərasimi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, mərasimdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İranın mədəniyyət və islami irşad naziri Salehi Əmiri, Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahim Türkmən, ölkəmizin İrandakı səfiri Bünyad Hüseynov və digər rəsmi şəxslər, Tehran ictimaiyyətinin nümayəndələri, səfirlər və ziyalılar iştirak ediblər.

Tədbirdə əvvəlcə iki ölkənin dövlət himnləri səsləndirilib. Quran ayəsi və görkəmli şair Məhəmmədhüseyn Şəhriyarın şeiri səslənib.  
İranın İslami Əlaqələr və Mədəniyyət Təşkilatının sədri Əbuzər İbrahimi Türkmən Azərbaycan nümayəndə heyətini salamlayıb. Bildirib ki, mədəniyyət günləri iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, xalqların bir-birini daha yaxından tanımasına öz töhfəsini verəcək.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirdə çıxış edib. Nazir qeyd edib ki, belə tədbirlərin keçirilməsi ölkələrimiz və xalqlarımızın bir-birinə bəslədikləri mehriban qonşuluq və dostluq münasibətlərinin dərin köklərə malik olmasına bariz sübutdur. İki ölkə arasında tarixi, mədəni və dini bağlılıq münasibətlərin inkişafına müsbət təsir göstərir. 

Münasibətlərimiz bir çox sahələri əhatə edir və ildən-ilə genişlənir. Sonra Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor Ağaverdi Paşayev) və solistlərin iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunub.

İncəsənət ustalarının səsləndirdikləri muğamlar, bəstəkar mahnıları Vəhdət sarayına toplaşanların zövqünü oxşayıb. Ən yadda qalan məqamlardan biri “Azərbaycan” mahnısının səslənməsi olub. Konsert proqramı iranlılarla yanaşı bu ölkədə səfərdə olan əcnəbilərə də unudulmaz anlar yaşadıb.