İranda bir günə 34 minə yaxın yoluxma - Qonşu ölkələrdə son vəziyyət

iranda-bir-gune-34-mine-yaxin-yoluxma
Oxunma sayı: 1249

Hazırda Azərbaycan da daxil olmaqla bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparır.

“Qafqazinfo” xəbər verir ki, ölkəmizdə olduğu kimi, qonşu ölkələrdə də son sutkalarda koronavirusa yoluxma halları artıb.

Belə ki, Türkiyədə iyulun 28-nə olan məlumata görə, koronavirusa 22 291 yeni yoluxma halı qeydə alınıb. Bununla belə, 76 nəfər dünyasını dəyişib. Ötən gün sağalanların sayı isə 4 197 nəfər təşkil edib.  

Bununla yanaşı, Türkiyədə bu günə qədər 69 759 371 doza vaksin vurulub.

Ötən gün Rusiyada da COVID-19-a yoluxma halları artıb. Belə ki, son sutka ərzində qonşu ölkədə 23 270 yeni yoluxma halı qeydə alınıb və ümumi yoluxanların sayı 6 218 502 nəfər təşkil edib.

Koronavirusdan sağalan rusiyalıların sayı sutka ərzində 20 834 nəfər təşkil edib. 799 nəfər isə dünyasını dəyişib. Ümumilikdə isə pandemiya başlayandan bu günə qədər Rusiyada 156 977 nəfər dünyasını dəyişib, 5 568 363 nəfər sağalıb. 

Gürcüstanda da vəziyyət digər qonşu ölkələrdəkindən fərqlənmir.

Son sutkada Gürcüstanda 2796 yeni yoluxma halı qeydə alınıb. 17 nəfər isə dünyasını dəyişib. “StopCov” saytının rəsmi məlumatına görə, pandemiya başlayandan bu günə qədər 413 626 yoluxma halı qeydə alınıb. 

Bununla yanaşı, qonşu ölkədə son sutka ərzində 2 088 nəfər virusdan sağalıb. Ümumilikdə pandemiya dövründə Gürcüstanda 379 685 nəfər koronavirusdan sağalıb, 5768 nəfər isə dünyasını dəyişib.

İranda da vəziyyət ürəkaçan deyil. Belə ki, bu ölkədə iyulun 28-i koronavirusdan 303 ölüm halı qeydə alınıb. Ümumilikdə isə İranda pandemiya dövründə 89 782 nəfər dünyasını dəyişib. Bununla yanaşı, dünən İranda 33 817 yeni yoluxma halı qeydə alınıb və ümumilikdə yoluxanların sayı 3 792 014-ə çatıb.

Pandemiya başlayandan bu günə qədər İranda 3 310 163 nəfər COVID-19-dan sağalıb.