İranda raket zərbəsi nəticəsində öldürülən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə və mühafizəçisi ilə Tehranda vida mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Tabutları daşıyan karvan Azadi meydanına doğru hərəkət edərkən izdiham yaşanıb.
***
Vida mərasimi Tehran Universitetində baş tutub. Mərasimdə ölkənin ali lideri Əli Xamenei cənazə namazı qılıb.
Qeyd edək ki, vida mərasimindən sonra Haniyənin cənazəsi Tehrandan Qətərin paytaxtına aparılacaq. Dəfn mərasimi isə avqustun 2-si Dohada baş tutacaq.
Xatırladaq ki, İsmayıl Haniyə iyulun 30-u İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün bu ölkəyə səfər edib. İyulun 31-i gecə saat 2 radələrində onun Tehranda yaşadığı iqamətgaha raket zərbəsi endirilib. Nəticədə HƏMAS rəhbəri və mühafizəçisi həlak olub.
HƏMAS onun İsrailin hücumu nəticəsində öldüyünü bəyan edib. İsrail Müdafiə Qüvvələri isə bu hadisəyə görə məsuliyyət daşımadığını açıqlayıb.
Hadisə ilə əlaqədar İranda üçgünlük - iyulun 31-dən avqustun 2-dək matəm elan edilib.
Ölkənin ali lideri Əli Xamenei onun qisasının alınacağına söz verib. Eyni zamanda, İran ərazisində “qisas bayrağı” hesab olunan qırmızı bayraq qaldırılıb.