İranda Naxçıvanla yeni kommunikasiya bağlantısı müzakirə edildi - Fotolar

iranda-naxcivanla-yeni-kommunikasiya-baglantisi-muzakire-edildi
Oxunma sayı: 1374

Baş nazirin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İrana səfəri çərçivəsində İranın energetika naziri Əli Əkbər Mehrabian ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə energetika sahəsində mövcud layihələrin davam etdirilməsi və əməkdaşlığın artırılması, İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantısının yaradılması haqqında Anlaşma Memorandumunun enerji sahəsi üzrə işlərinin icrası məsələləri müzakirəsi mövzusu olub.

Söhbət zamanı Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin başa çatdırılması, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində həyata keçirilən işlərin gedişi də nəzərdən keçirilib.

Görüşdə həmçinin üçtərəfli əməkdaşlıq layihələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.