İrandan Azərbaycana psixotrop maddə keçirmək istəyən tutuldu - Foto + Video

irandan-azerbaycana-psixotrop-madde-kecirmek-isteyen-tutuldu
Oxunma sayı: 1015

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana gətiriləcəyi barədə məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, məlumat əsasında Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından qardaşı ilə birlikdə gələn həmin ölkə vətəndaşı Amin Dana Hassanın idarə etdiyi “Samand” markalı 73D627-10 qeydiyyat nişanlı minik avtomobili saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində qanunla qadağan olunan hər hansı predmetin, o cümlədən narkotik vasitə və ya psixotrop maddələrin olmadığını bildirib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin gövdəsinin sol hissəsində, avtomobilin döşəməsinə bitişik detalın içərisindəki zavod konstruksiyasında nəzərdə tutulan boşluqdan 3 ədəd qara rəngli polietilendə qablaşdırılması ilə birlikdə çəkisi 3470 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin adlı preparat Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.