İrandan gələn təyyarə son anda vurulmaqdan qurtuldu - Göyərtəsində 172 sərnişin olub

irandan-gelen-teyyare-son-anda-vurulmaqdan-qurtuldu
Oxunma sayı: 7145

İsrail ordusu 172 sərnişini olan təyyarənin enişi zamanı Suriyanı vurub. “Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə fevralın 6-sı gecə saatlarında baş verib. İsrailin “F-16” qırıcıları Dəməşqin ətrafındakı yerlərə raket zərbələri endiriblər. Bu zaman Tehrandan hərəkət edən “Airbus-320” təyyarəsi eniş etməyə hazırlaşıb.

Təyyarə zərbələr nəticəsində Rusiyanın Xmeymim aviabazasına təcili eniş etmək məcburiyyətində qalıb.

Xatırladaq ki, yanvarın 8-də Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi Tehranın İmam Xomeyni hava limanı yaxınlığında qəzaya düşüb. Nəticədə 176 nəfər həlak olub. Təyyarənin sərnişinləri İran, Kanada, Almaniya, Böyük Britaniya, İsveç və Əfqanıstan, heyət üzvləri isə Ukrayna vətəndaşları olub.

İnsidentdən günlər sonra İran hakimiyyəti təyyarənin təsadüfən vurulduğunu açıqlayıb.