Söz açacağım yazıçılar üçün hekayə mövzusu ola biləcək bir obrazla başlayıram yazıya:
Qəzetdə işlədiyim vaxtlar idi. İki-üç aydan bir redaksiyaya yazılarını gətirən qoca bir müəllifə uzun müddət başa salmaq istədik ki, sənin “şarikovoy” qələmlə kiril əlifbasında yazdığın, kolxozçu mətanətindən doğan bu yazıların, birincisi, artıq heç kəsə lazım deyil, ikincisi də onları kompüterə köçürmək çox vaxtımızı alır. Təbii ki, birinci reallıq qocanın damarlı əlinin tərsində rədd oldu, ikinci reallığı qəbul etdi və indən belə yazılarını kompüterdə yazdırıb gətirəcəyini dedi.
Həmin baba növbəti dəfə redaksiyaya gələndə bizə artıq saralmış kağızlar yox, cıqqılı bir fləş-kart uzatdı, dediyinə özü inanmasa da, bildirdi ki, yazısı bu barmaq boyda plastmasın içindədir.
Xülasə, onun yazısını kompüterimizə göndərib fləş-kartını qaytardıq. Heyrətlə pəncərəyə yaxınlaşdı və cibindən spirt, pambıq çıxarıb kartı spirtlə sildi.
Dözmədim, səbəbini soruşdum.
Dedi, bunu mənə verən tapşırıb ki, ehtiyatlı ol, kompüterlərdə virus olur.
Bu uzun proloqu ona görə yazdım ki, isveçli bir yazıçının uydurmağa təxəyyülü belə yetməyən bu cür adamlar Azərbaycanda hətta yaşayır.
Bu yazının səbəbi həmin qoca deyil. Səbəb odur ki, bizim bir çox yazıçımız həmin qocanın nabələdliyi ilə hələ də gözləntilərə qapılıb susur.
Dindirir XXI əsr bizi. Mövzumuz “Bilik iqtisadiyyatı”, “Süni intellekt”, “Dürlü-dürlü NASA yalanları”dır..
Sovet təminatının dadını unutmayan, hələ də bu dadı onlara qaytaracaq müqabil gözləyən bir sıra tanınmış obraz isə illərdir kapitalizm şərtlərinin diqtəsində yaşasa da, nəinki Qərb ədəbi mühitindən xəbərdardır, heç isveçli bir yazıçının yuxusuna da girə bilmir.
Pensiyalarını kartdan çıxardıqları, israf etdikləri qazı-işığı kartla ödədikləri bir dünyanı hələ də “şarikovoy”la dəyişəcəklərinə inanan məşhurluğu qədimləşmiş həmin imzalar ədəbi mühitin çiləkəninə çevrilib suyun qabağını tutublar.
Ətrafındakı bir kəsim aldanmış ədəbi mühit üzvləri tərəfindən xoş sözlərlə yad olunaraq memorial kompleksə çevrilən həmin yazıçılar əllər üstündə gəzdiriləcəyi günü gözləyirlər. Nə yazıq ki, onlar indən belə bircə dəfə əllər üstünə qaldırılacaqlarından, onda da gəzdirilməyəcəklərindən, ən yaxşı halda “Qurd qapısı”na qədər aparılacaqlarından ən sonda xəbərdar olacaqlar.
Sovet tribunalarının bürokratiya tozunu kostyumlarından çırpmayanlar, heç olmasa, sovet ədəbi mühitinin bəlkə də yeganə müsbət ənənəsi olan gənclərə “uğurlu yol” yazmaq mədəniyyətini belə götürməyiblər.
Bu reallıqdan söz açmaq bir gənc yazar kimi mənim üçün çox ağırdır, çünki öz sələflərimdən danışıram. Çoxu elə düşünür ki, bu yazı öz oturduğu budağı baltalamaqdır.
Əsla!
Həmin yazıçıların dələ ümidi ilə Xalq yazıçısı adını alacaqları günü gözləməsi, susması - nə sənətin, nə dövlətin, nə acın, nə toxun, nə ağsaqqalın, nə gəncin yanında olması reallığı qələmlərini çoxdan qırıb. Ədalətsizliyə gözüyumulu baxanda reallıq qələmqıran olur. Onlar artıq yazıçı deyillər!
Bircə o qalıb ki, oxucu çaş-baş qalmasın deyə vikipediyalarındakı bioqrafiyalarına doğum tarixi ilə yanaşı, bir cümlə də yazılsın: Hələ də yaşayır.
Çox qəribədir, bu yazıçılar fləş-kartı virusdan qorumaq üçün spirtləyən qoca simasında düşünürlər ki, bir roman yazsalar, Azərbaycan dəyişəcək! Onlar illərlə susduqdan sonra hələ də elə bilirlər ki, ağızlarını açan kimi kainat sahmana düşəcək.
Susmamaq deyəndə ağına-bozuna baxmadan çığırmağı, qara-yaxmağı nəzərdə tutmuram, divara qarşı getmək də hər şey demək deyil. Divara qarşı da gərək elə adam getsin ki, bir gün çırpılanda təzəyə çevrilməsin, qanını divardan əsrlərlə yuya bilməsinlər.
Ancaq İsgəndərin buynuzunun olduğunu eşidən qamış belə dil açıb danışmışdı, bu yazıçılar isə susduqca susur, susur, susur...
İrandan susur, Turandan susur, bayrağını yandırırlar, susur...
Bikarçılıqdan, təklikdən, əsəbdən evində oturub bığ saxlayır, üç gün sonra bığını qırxır, sonra yenidən saxlayır, sonra yenidən qırxır. Ancaq həqiqətin bığda yox, bığın altındakı, saqqalın üstündəki həmin quyuda olduğunu anlaya bilmir.
Çağdaş yazıçının işi yaxşı yazmaqla bitmir, o həm də nəyi, nə vaxt deməli olduğunu da bilməlidir.
Çağdaş yazıçı təkcə yaxşı yazmağı yox, həm də yaxşı danışmağı bacarmalıdır.
Həqiqət odunçu Musanın qələminə enəndə onu ayəbəayə peyğəmbər etmişdisə, dilinə enəndə də pəltək Musanı firon qarşısında sözbəsöz ötən şeydaya döndərmişdi.
Yazıçı ağzı çox susanda ağız yox, üzdə bir yaraya dönür.
Demək istədiyini susan ağızlar isə əbədiyyən sağalmır.
Ona görə də, danışmaq lazımdır, cənablar.
Heç olmasa, özünüzlə danışın.
Sərdar Amin, xüsusi olaraq “Qafqazinfo” üçün