“İranın Ermənistanla belə münasibət saxlaması təəssüf hissi doğurur”

iranin-ermenistanla-bele-munasibet-saxlamasi-teessuf-hissi-dogurur
Oxunma sayı: 6669

“Bu gün Ermənistana yaxşı münasibət göstərən ölkə işğalçının, beynəlxalq hüququn pozulmasının yanındadır”.

Bu sözləri “Qafqazinfo”ya millət vəkili, professor Musa Qasımlı İrandan Ermənistana silah daşınmasına dair sosial şəbəkələrdə yayılan videolara münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, cənub qonşumuz İran İslam Respublikasının işğalçı Ermənistanla belə münasibət saxlaması təəssüf hissi doğurur:

“Çünki Ermənistan Azərbaycana hərbi təcavüz edib, ərazilərinin bir hissəsini işğal edib. İşğalın gedişində tarix və mədəniyyət abidələrini dağıdıb, əhalini məcburi köçkünə çevirib. Ermənistan beynəlxalq hüquq normalarını pozan haqsız, ədalətsiz və bəşəriyyət qarşısında cinayətkar dövlətdir.

Ermənistan müsəlmanların tarix və mədəniyyət abidələrini dağıdıb, qaçqın və məcburi köçkünə çevirib, ərazilərini işğal edib. Elə isə konstitutsiyada yazılanla real həyata keçirilən siyasət arasında fərqlər nədən irəli gəlir? Hesab edirəm ki, özünə hörmət edən dövlət Ermənistanın təcavüzkar siyasətini pisləməlidir.

İran rəhbərliyi Ermənistanla yaxşı münasibət saxlayarkən gedib Tehrandakı erməni kilsəsinin üstünə yazılmış “ermənidən başqa kimsə içəri daxil ola bilməz” ifadəsinə baxsın və həmin kilsənin zirzəmisinin silah-sursat anbarına çevrildiyini gözləri ilə görsün. Və İranda törədilmiş terror aktlarının kimlər tərəfindən törədildiyinə baxsınlar. Bu gün Ermənistanla yaxşı münasibət saxlayan ölkə beynəlxalq hüquq normalarının pozulmasının, təcavüzkarın, işğalçının, haqsızın və ədalətsizin yanında olduğunu göstərir. Ermənilər bütün beynəlxalq hüquq normalarını pozan, bəşəriyyətə qarşı cinayət törətmiş bir xalqdır”.

Ruzbeh Məmməd