Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, İdarə əməkdaşları tərəfindən Füzuli rayonu ərazisində Su Elektrik Stansiyasının qarşısından keçən maşın yolunun kənarında qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələri satmaq istəyən İran İslam Respublikası vətəndaşları Aşena Murtuza Cahangir oğlu, Xəlili Səccad Əyyub oğlu saxlanılıb və onlara məxsus iki ədəd idman çantasına baxış keçirilib.
Baxış zamanı idman çantalarının birində polietilen paketlərdə qablaşdırılan 10 ədəd dördbucaq formalı bağlamalarda, digər çantada isə eyni formalı 11 ədəd bağlamada, ümumi xalis çəkisi 20 kiloqram 390 qram həşiş qətranı aşkar edilərək götürülüb.
Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dövlət sərhədini qanunsuz olaraq keçmə, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma, qanunsuz olaraq narkotik vasitələri külli miqdarda satma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirmə faktına görə Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə İran İslam Respublikasının vətəndaşları Aşena Murtuza Cahangir oğlu və Xəlili Səccad Əyyub oğlu şübhəli şəxs qismində tutulub.
Onlara Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə ittiham elan edilərək Bakı şəhəri Yasamal rayon məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayətin törədilməsində iştirak edən digər şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər