İraq prezidenti və Mərakeş kralı İlham Əliyevi təbrik etdi

iraq-prezidenti-ve-merakes-krali-ilham-eliyevi-tebrik-etdi
Oxunma sayı: 831

İraq Respublikasının Prezidenti Bərham Saleh Azərbaycan  Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

"Qafqazinfo" xəbər verir ki, məktubda deyilir: 

"Əs-səlamu aleykum varahmatullahi vabarakatuhu.

Dost ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə İraq xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan sevinc duyuram. Sizə möhkəm cansağlığı və müvəffəqiyyət, Azərbaycan xalqına isə inkişaf və firavanlıq arzu edirəm.

Allah-Təaladan tezliklə koronavirus bəlasından qurtulmağınızı diləyirəm. İraq tərəfinin dost ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın gücləndirilməsinə sadiq qalacağına əmin ola bilərsiniz".

Mərakeşin Kralı VI Məhəmməd də Prezident İlham Əliyevə təbrikini çatdırıb: 

"Zati-aliləri, əziz qardaşım.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza isə tərəqqi və firavanlıq arzulayıram.

Xalqlarımız arasındakı qardaşlıq əlaqələrini və qarşılıqlı hörməti nəzərə alaraq faydalı əməkdaşlığımızı gücləndirmək və genişləndirmək istiqamətində Sizinlə birgə işləməyə davam edəcəyimizə ümid bəsləyirəm. Bu, xalqlarımızın maraqlarına xidmət etməkdə, müsəlman ümməti arasında həmrəyliyi və birliyi tərənnüm etməkdə bizə kömək olacaq".