“İrəli doğru yeganə addım birgə yaşayışdan keçir”

ireli-dogru-yegane-addim-birge-yasayisdan-kecir
Oxunma sayı: 1471

“Azərbaycan xalqının işğaldan azad edilmiş ərazilərə, bütün regiona və onun hüdudlarından kənara olan sevgisi azad edilmiş ərazilərin yenidən həyata qayıtmasına və heç vaxt olmadığı qədər çiçəklənməsinə səbəb olacaq”.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bu barədə jurnalist, fəal və “İsraildə Qərb sivilizasiyasının irsi” (Western Civilization Heritage Israel Program - CHIP) proqramının yaradıcısı Nurit Qrincer Şuşaya səfərindən və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa şəhəri istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov ilə görüşündən sonra yazdığı məqaləsində bildirib.

“İrəli doğru yeganə addım birgə yaşayışdan keçir. Azərbaycan Ermənistana əməkdaşlıq, dinc və qarşılıqlı hörmətə əsaslanan birgə yaşayış təklif edir. İndi Ermənistan üçün qərar anıdır – o, ya regionun bir parçası olmalı, mehriban qonşuluq münasibətlərin qazandırdığı üstünlüklərdən faydalanmalı və inkişaf etməli, ya da geriləyən iqtisadiyyat və artan yoxsulluq fonunda təcrid şəraitində qalmaqda davam etməlidir”, - məqalədə deyilir.

Jurnalistin sözlərinə görə, Ermənistan beynəlxalq ictimaiyyətin məsul üzvü olmağa iddia edir, lakin Azərbaycan ərazilərini işğal altında saxladığı 30 il ərzində burada nə daşı-daş üstə qoyub, nə də bir ağac əkib.

“Ermənistan əsas “nailiyyəti” – Azərbaycanın 7 şəhərini və 900 kəndini yer üzündən silməsi olub. Los-Ancelesin ərazisindən 4-5 dəfə böyük, təxminən 10 000 kvadrat kilometrlik ərazidə ermənilər evləri sökərək daşlarını tikinti materialları qismində Ermənistana və İrana satıblar”.

Onun sözlərinə görə, işğal dövründə ermənilər Şuşa şəhərində qarət və yanğınlar törədib, məscidləri, müqəddəs yerləri və digər mədəni irs obyektlərini təhqir və məhv ediblər. Ermənilər 3 azərbaycanlı musiqiçi və şairin şərəfinə ucaldılmış bürünc heykəlləri sökərək satıb, şəhərin kənarında yerləşən azərbaycanlılara məxsus qəbristanlıqda qəbirdaşlarını söküb təhqir ediblər”, - o yazır. Nurit Qrincer vurğulayır ki, Azərbaycan bu əraziləri işğaldan azad etdikdən dərhal sonra bərpa və yenidənqurma işlərinə başlayıb və artıq bu işə milyardlarla vəsait xərcləyib.

Məqalədə bildirilir ki, BMT Təhlükəsizlik Şurasının Ermənistanı qınayan və Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnaməyə, ATƏT-in Minsk qrupu həmsədrlərinin (ABŞ, Fransa və Rusiya) fəaliyyətinə baxmayaraq, 30 il ərzində Azərbaycan əraziləri erməni işğalı altında qalıb. Beynəlxalq ictimaiyyət bu işdə Azərbaycana heç bir kömək etməyib. Amansız və qanunsuz işğala son qoymaq üçün Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmayıb.