“İrəli” rebrendinq etdi - Foto

ireli-rebrendinq-etdi
Oxunma sayı: 920

“İrəli” İctimai Birliyi rebrendinq həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında baş tutan tədbirdə Birliyin yeni loqosu və fəaliyyət istiqamətləri ictimaiyyətə təqdim olunub. Həmçinin qeyd olunub ki, yeni loqo Ali Baş Komandanın “Dəmir Yumruq” simvolu ilə xalqımızın birlik və həmrəyliyini özündə ehtiva edir.

Tədbirdə çıxış edən “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı bildirib ki, təşkilat 12 illik fəaliyyəti dönəmində dövlət gənclər və siyasətinin inkişafına mühüm töhfələr verib, ölkənin aparıcı gənclər təşkilatlarından biri kimi özünəməxsus yer tutub. Son illər gənclər siyasətinin daha müasir çağırışlar əsasında formalaşmasını nəzərə alaraq, “İrəli” İctimai Birliyinin fəaliyyətinin mahiyyətcə yeni mərhələyə qədəm qoyması təşkilatın ən başlıca məqsədlərindən biri kimi qeyd olunub. Bildirilib ki, birlik gənclərin inkişafı prosesinə kömək etmək, onların milli ruhda tərbiyə olunmasında iştirak etməyə çalışır.

Bununla yanaşı, tədbirdə təşkilatın gələcək planları və yaxın zamanlarda həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə məlumat verilib. Bunlardan birincisi 27 iyul-2 avqust aralığında Göygöl rayonunda keçiriləcək “Marş İrəli-3” layihəsidir. Layihədə minaaxtarma, PUA-lar, müharibə şəraitində tibbi yardım və digər təlimlər nəzərdə tutulur. Növbəti – “Hərb oyunları” layihəsi avqust-sentyabr ayları ərzində həyata keçiriləcək. Bu çərçivədə üzgüçülük, maneəli qaçış, atıcılıq və digər oyunların keçirilməsi nəzərdə tutulub. Digər layihə isə “Marş İrəli-4” adlanır. Layihənin sentyabr ayında Naxçıvanda keçirilməsi planlaşdırılır.

Tədbirin sonunda “İrəli” İctimai Birliyinin həyata keçirdiyi tədbirləri Kütləvi İnformasiya vasitələrində işıqlandıran bir sıra media nümayəndələri və qurumları təşəkkürnamə ilə təltif olunublar.