Azərbaycanda “İrəvan-2018” Hərəkatı təsis edilib. "Qafqazinfo"ya daxil olan məlumata görə, Hərəkatın təsisçisi “Beynəlxalq İnformasiya və Tədqiqatlar İnstitutu”nun (BİTİ) sədri Zaur Qəriboğludur. O bildirib ki, bu hərəkat tarixi Azərbaycan torpağı olan İrəvanın gələcəyi ilə bağlı müzakirələrin aparılacağı bir ictimai foruma çevrilmək niyyətindədir:
“Məlum olduğu kimi Cənubi Qafqazda Seym buraxıldıqdan sonra yeni yaranmış dövlətlərin sərhədlərini müəyyən etmək zərurəti yaranmışdı. İlk günlərdə erməni nümayəndələri İrəvan şəhərinin Ermənistanın paytaxtı edilməsi barədə Azərbaycan hökumətinə müraciət etdi. Batumi şəhərində 1918-ci il mayın 29-da keçirilən danışıqlarda Azərbaycan tərəfi İrəvan şəhərinin, eləcə də Eçmiədzin qəzasının Ermənistana verilməsi qərarı ilə razılaşdı. Tarixdə məlumdur ki, bütün beynəlxalq müqavilələr 100 illiyinə bağlanır və 100 ildən sonra başa çatmış hesab olunur. Biz də “İrəvan - 2018” Hərəkatı olaraq tarixi Azərbaycan torpağı olan İrəvanın geri qaytarılma prosesində üzərimizə düşən işləri həyata keçirmək üçün fəaliyyətə başlayırıq. Fəaliyyətimizi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səsləndirdiyi “İrəvanı icarəyə vermişdik, indi vaxt tamam olan zaman geri istəyəcəyik” fikrinə uyğun istiqamətdə quracaq, İrəvanla bağlı müxtəlif elmi – kütləvi, praktik tədbirlər həyata keçirəcəyik. Ölkə daxilində və xaricində baş tutacaq tədbirlərimizdə dünyanın ən məşhur elm xadimləri, araşdırmaçıları, sahə üzrə mütəxəssislər və ekspertlər iştirak edəcək".
Son xəbərlər
Son Xəbərlər