“İrəvan Qarabağı Azərbaycan torpağı kimi təsdiqləyir, Qərb bunu israrla eşitmək istəmir”

irevan-qarabagi-azerbaycan-torpagi-kimi-tesdiqleyir-qerb-bunu-israrla-esitmek-istemir
Oxunma sayı: 1857

Korrupsiya qalmaqalları ilə gündəmdə olan Avropa Parlamenti öz ampluasındadır. İrqçi, islamofob, Azərbaycanofob, türkofob mövqeyi və ikili standartları ilə ad çıxaran qurumun ədalət tərəzisi yenə birtərəfli şəkildə əyilib.

Beynəlxalq prinsipləri arxa plana keçirən qurum lobbi maraqlarını önə çəkib. Rüşvətalma faktları ilə imici onsuz da yerlə bir olan Avropa Parlamenti özünü daha da hörmətsiz edib. Belə ki, onlar birtərəfli qaydada Ermənistanı, separatizmi dəstəkləyib, Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqe tutublar.

Ərazi bütövlüyünü təmin edən, separatizmə son qoyan Azərbaycana qarşı təzyiq və hücumlar səngimir. Avropa Parlamenti yanvarın 24-də növbəti dəfə bədnam, qərəzli bir konfrans keçirmək təşəbbüsü ilə çıxış edib. Başqa sözlə, “Qarabağda erməni mədəni və dini irsinin qorunması” adı altında şou keçiriləcəyi elan olunub. Avropa Parlamentindən geri qalmayan Fransa Senatı isə yanvarın 17-də Qarabağın erməni sakinlərinin geri qaytarılması və Azərbaycanın ittiham edilməsini nəzərdə tutan qətnaməni müzakirəyə çıxaracaq. Qəbul ediləcək bədnam “sənəd” Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərə tutur.

Avroparlamentarilərin həyasızlığı və erməni sevgisi o həddə çatıb ki, Qarabağda dağıdılan, məhv edilən Azərbaycan abidələrindən bir kəlmə belə danışılmır, əvəzində iddia edilir ki, “minillik tarixə malik erməni mədəni və dini irsi məhv olmaq təhlükəsi altındadır”. Bu iddianı isə konfransın təşkilatçısı, avroparlamentari Miriam Leksmann səsləndirib.


Bütün bunlar onu göstərir ki, Azərbaycana qarşı zaman-zaman qərəzli və ikili mövqeyi ilə seçilən Avropa Parlamenti növbəti dəfə ənənəsinə sadiq qalıb. M.Leksmann Avropada tüğyan edən islamofobiya, antisemitizm, miqrantların hüquqlarının kütləvi və kobud surətdə pozulması və digər bu kimi köklü problemləri bir kənara ataraq, guya Qarabağda “erməni abidələrinin məhv edilməsini” iddia edib.

Birincisi, konfransın keçirilməsi özü qərəzli və ikili standartların təcəssümüdür. Görəsən, bunun təşəbbüskarları ortaya hansı dağıdılan abidə, yaxud bununla bağlı hesabat qoyacaqlar? Halbuki, Qarabağda erməni separatizminə son qoyulduqdan sonra bölgəyə gələn BMT kimi mötəbər bir qurumun missiyası heç bir dağıntı, mənfi hal qeydə almayıb. Hətta Ermənistanın özü belə materialla çıxış edə bilmədi. Konfransın təşəbbüskarları bölgəyə göndərilən BMT missiyasının təqdim etdiyi məruzənin səsləndirilməsinə yəqin ki, yer ayırmayacaqlar. Bölgədən könüllü getmiş erməni sakinlərin ərazidən zorla köçürüldüyünün iddia edilməsi isə beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Azərbaycanlılar Ermənistan və Qarabağdan qovulanda nədənsə bu mövzular yada düşmürdü.

İkincisi, Ermənistan belə Qarabağda hər hansı bir “etnik təmizləmə” və sakinlərin zorla çıxarıldığını bəyan etmədiyi halda, Avropa Parlamenti, eləcə də, Fransa Senatı müzakirə açmağa çalışır. İrəvan Qarabağın Azərbaycan torpağı olduğunu təsdiq etdiyi halda, Qərb bu faktı israrla eşitmək, nəzərə almaq istəmir. Qondarma və keçmiş “Artsax” kəlməsindən istifadə edir. Bu da deməyə əsas verir ki, onu bölgədə sülh və əmin-amanlıq deyil, gərginlik, münaqişənin yenidən alovlanması maraqlandırır.

Üçüncüsü, Avropa Parlamentinin separatizm sevgisi heç də ermənilərlə bağlı deyil. Məsələ ondadır ki, iyunda Avropa Parlamentinə seçkilər keçiriləcək. Deməli, onlara erməni lobbisinin maliyyəsi və səsi lazım olacaq. Konfransın təşəbbüskarı Miriam Leksmana gəldikdə, bu xanım hər zaman anti-Azərbaycan, anti-Türkiyə mövqeyi ilə seçilib. Slovakiyadan olan deputat dəfələrlə Avropa Parlamentini Qarabağda erməni sakinlərə biganə yanaşmaqda ittiham edib, Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi tələbi ilə çıxış edib. Qeyd edək ki, Çin Xalq Respublikası Sinszyan-Uyğur muxtar vilayəti ilə bağlı Avropa İttifaqının parlamentarilərinə, alim və siyasətçilərinə, dörd hüquqi şəxsinə qarşı sanksiyalar tətbiq edib. Həmin bu xanım da onların sırasındadır. O, eyni zamanda Gürcüstan hakimiyyətini də sərt tənqid etməsi ilə tanınır. Bu səbəbdən də Tbilisidə dəfələrlə sərt tənqidlərlə üzləşib.

Bəllidir ki, Avropa Parlamentinin konfransı və Fransa Senatının toplantıları anti-Azərbaycan, islamofob deputatların canfəşanlığı ilə baş tutur və onların saxta məlumatlarına əsaslanır. Bu qüvvələr beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisinin 20 faizinin 30 ilə yaxın davam edən işğalının doğurduğu ağrı-acıya, etnik təmizləməyə, Xocalı soyqırımına, 1 milyondan artıq qaçqın və məcburi köçkünün taleyinə, şəhər və kəndlərin yerlə-yeksan edilməsinə, tarixi, mədəni və dini irsin dağıdılmasına etinasızlıq göstəriblər.

Sözsüz ki, hər iki qərəzli tədbir yalnız erməniləri sakitləşdirmək, erməni lobbisinin gözünə girmək üçün atılan addımdır. Bütün bunların Azərbaycana heç bir təsiri olmayacaq.

Yekunda onu da bildirək ki, Azərbaycan Qarabağı işğaldan azad etməklə bütövlükdə regionu sülhə yaxınlaşdırıb. Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması üçün faktiki olaraq heç bir prinsipial maneə qalmayıb. Amma görünən odur ki, Fransa və Avropa Parlamenti israrla buna qarşı çıxır. Qəbul ediləcək hər hansı bir sənəd kağız parçasından artıq olmayacaq. Sadəcə, özlərinin nüfuzuna xələl gətirəcək. Qərb və tərəfdarları anlamalıdırlar ki, belə gülünc, əsassız addımlarla, heç bir önəm kəsb etməyən müzakirə və qərarlarla Azərbaycanın iradəsinə, regiondakı proseslərə təsir edə bilməyəcəklər.

“Report” İnformasiya Agentliyi