“İrəvan qoşun, muzdlu və terrorçuları Azərbaycan torpaqlarından çıxarmalıdır”

irevan-qosun-muzdlu-ve-terrorculari-azerbaycan-torpaqlarindan-cixarmalidir
Oxunma sayı: 2159

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bir daha Azərbaycana hərtərəfli dəstəyini bildirib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Hulusi Akar son 30 ildə Azərbaycan-Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli üçün effektiv addımların atılmadığını vurğulayıb.

“30 ildə nə edildi? Böyük bir heç! Erməni tərəfdən artan artilleriya atışlarına cavab olaraq Azərbaycandakı qardaşlarımız əks-hücum əməliyyatına başladılar. Bütün bu, on illər ərzində susan və görməməzlikdən gələnlər cavab olaraq nə etdilər? Aktiv şəkildə atəşkəs və danışıqlara çağırmağa başladılar. Bu, tamamilə qeyri-səmimi bir mövqedir”,- deyə Akar qeyd edib.

Nazirin sözlərinə görə, problemin həlli çox sadədir: “Ermənistan qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır. İrəvan tərəfindən göndərilən muzdlular və terrorçular da Azərbaycan torpaqlarını tərk etməlidirlər”.

Hulusi Akar Türkiyənin Azərbaycanın ədalətli mübarizəsini ən yüksək səviyyədə dəstəkləməyə davam edəcəyini sözlərinə əlavə edib.

Qeyd edək ki, sentyabrın 27-dən bəri davam edən döyüşlər zamanı Ermənistan tərəfinin təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri Ermənistan tərəfindən işğal olunmuş 120-dən çox yaşayış məntəqəsini işğaldan azad edib.