İrəvandakı seçkilərdə səslər yenidən hesablanacaq

irevandaki-seckilerde-sesler-yeniden-hesablanacaq
Oxunma sayı: 1518

Ermənistanın Mərkəzi Seçki Komissiyası sentyabrın 17-si İrəvanda Ağsaqqalar Şurasına keçirilən seçkilərin səslərini yenidən hesablayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Yerevan Today” yayıb. 

Səslərin yenidən sayılacağı seçki məntəqələri püşkatma yolu ilə təyin ediləcək. Proses bu gün başlayacaq və sentyabrın 22-si başa çatacaq. 

Bildirilir ki, sözügedən prosesə bütün siyasi qüvvələrin namizədləri, müşahidəçilər və jurnalistlər nəzarət edə bilər.

Ermənistan mediası yazır ki, Ermənistan rəhbərliyi səslərin yenidən hesablanması ilə Ağsaqqallar Şurasında onlara üstünlük əldə etmək üçün kifayət etməyən 1 mandatı da qazanmaq istəyir.

“Joxovurd” qəzeti yazır ki, məsələ ilə bağlı ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasının rəhbərliyinin iclası keçirilib. Bildirilir ki, iclas iştirakçıları partiyanın İrəvan meri vəzifəsinə namizədi Tiqran Avinyana hansı yolla əlavə səslər qazanmağı müzakirə ediblər. Belə ki, seçkinin nəticəsinə əsasən, hakim partiya öz namizədi Tiqran Avinyanın mer olması üçün tələb olunan 50 faizlik baryeri keçə bilməyib. Ermənistan MSK-nın məlumatına görə, Ağsaqqallar Şurasına 5 siyasi qüvvə daxil olub. Bunlar “Vətəndaş müqaviləsi” partiyası (32,57%), “Milli tərəqqi” (18,89%), “Xalqın səsi” (9,68%), “Respublika” (11,32%), eləcə də “Ana Ermənistan” (15,43%) blokudur.

“Ana Ermənistan” blokunun lideri Andranik Tevanyan isə öz növbəsində səslərin yenidən hesablanacağı təqdirdə əhalini etiraz aksiyası keçirməyə çağırıb.