“İRS-Herencia” jurnalının növbəti sayı çıxdı

irs-herencia-jurnalinin-novbeti-sayi-cixdi
Oxunma sayı: 649

Azərbaycan Argentinadakı səfirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Buenos-Ayresdə nəşr edilən İRS jurnalının ispan dilli versiyası “İRS-Herencia”nın “Müstəqilliyə gedən yol: 20 ilə retrospektiv baxış” adlı növbəti nömrəsi artıq işıq üzü görüb.
Jurnalın əsas mövzusu olan və “müstəqillik ləpirləri” adlanan hissəsində qanlı yanvar hadisələri, müstəqilliyin ilk illərində ölkənin qarşılaşdığı çətinliklər və bayrağımızın tarixi haqqında oxuculara maraqlı məqalələr təqdim edilir. “Mədəni irsimiz” bölməsində Qarabağ zərgərlik ənənələri və xalçaçılıq məktəbi haqqında danışılır. 2011-ci ilin turizm ili olduğunu nəzərə alaraq son iki bölmə - “ənənələri qoruyaq” və “turizm” bölmələri turistlər üçün maraqlı ola biləcək məqamları əhatə edir. “Ənənələri qoruyaq” bölməsi xalqımızın qonaqpərvərliyinə həsr olunub. “Turizm” bölməsində isə ölkəmizin təbiət abidələrinə, görməli yerlərinə, 2011-ci ildə turizm sektorunun inkişafı istiqamətində baş vermiş yeniliklərə, Avroviziya mahnı müsabiqəsinə, müxtəlif regionların turizm əhəmiyyəti və tarixlə müasirliyi özündə birləşdirən Bakının cazibəsinə geniş yer verilib.
Argentinada nəşr olunan bu jurnal dünyanın ispan-dilli ictimaiyyətinin Azərbaycanın tarixi-mədəni irsi və bugünkü reallıqları ilə tanış edilməsi üçün əhəmiyyətli mənbədir.