“İrşad”dan aldığı telefon xarab çıxdı, şirkət dəyişmədi - Yenilənib

irsaddan-aldigi-telefon-xarab-cixdi-sirket-deyismedi
Oxunma sayı: 5788

Elektron məhsulların satışı ilə məşğul olan “İrşad Electronics” şirkətinin mağazalarından birindən alınan mobil telefon xarab çıxıb.

“Qafqazinfo”ya müraciət edən şikayətçi Ramil Əliyev bildirib ki, 2018-ci il oktyabr ayında “İrşad”dan 1 illik zəmanət və kredit xətti ilə “Xiaomi A-2 Lite” markalı telefon və 500 GB-lik yaddaş kartı alıb: “Bir neçə ay sonra telefonda donmalar oldu, kamerası işləmədi, heç bir proqram vasitəsilə foto göndərə bilmədim. Problem istehsalçının özündən qaynaqlandığı üçün təmir edilməsinə görə servisə təqdim etdim. Telefonu təmir etdiklərini deyib mənə təhvil verəndə elə oradaca həmin problemlər təkrarlandı. Buna görə ikinci dəfə təmirə təhvil verdim. Onda da düzəltdiklərini desələr də, eyni problemlər qalırdı. Artıq telefonu təmir etdirməyin əhəmiyyətsiz olduğunu bildiyim üçün şirkətdən zəmanətə uyğun olaraq mənə yeni telefon verilməsini istədim. Bu dəfə isə “İrşad” bundan imtina etdi və yenidən təmir edəcəklərini dedilər, əlavə olaraq xarab telefona görə kredit ödənişimi davam etdirməyimi tələb etdilər. Belə olanda mən telefonu servis mərkəzində qoyub getdim və kredit müqaviləsinin ləğv edilməsini istədim. Daha sonra şirkət əməkdaşları məndən icazəsiz olaraq telefona texniki müdaxilə ediblər. Amma mənə böhtan ataraq bunu mənim servisdənkənar etdiyimi dedilər”. 

R.Əliyev bundan sonra məhkəməyə müraciət edib və hakim onun xeyrinə qərar çıxararaq telefonun yenisi ilə əvəz olunmasına qərar verib. Ardınca isə “İrşad Electronics” də məhkəməyə müraciət edib və R.Əliyevin bu aylar ərzində kredit ödəmədiyi üçün yaranan 600 manata yaxın borcunun ödənilməsini tələb edib. R.Əliyev isə artıq bu şirkətin xidmətlərindən istifadə etmək istəmədiyini bildirirərək yeni telefon iddiasını dəyişdirərək, ona dəyən ziyana görə 1800 manat tələb edib. Hazırda hər iki işə Sabunçu rayon məhkəməsində baxılır.

***

“İrşad Electronics” MMC “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki,  həqiqətən də müştəri Ramil Əliyev 22 oktyabr 2018-ci ildə şəbəkənin Qara Qarayev metrosu yaxınlığındakı dükanından “Xiaomi A-2 lite” markalı telefon və 500 GB yaddaş kartı alıb:

“4 ay sonra, daha dəqiq desək, 09 mart 2019-cu il tarixində servisimizə müraciət edib. Telefona  qısa zamanda baxılıb, proqram təminatı yenilənərək qüsur aradan qaldırılıb. Lakin müştəri problemin təkrar olduğunu bildirərək, təkrar müraciət edib, 22 mart 2019-cu il tarixində müraciətinə uyğun yoxlama aparılaraq tərəfimizdən yekun rəy verilib. Telefonun təkrar diaqnostikası nəticəsində qüsurun aşkar olunmaması barədə akt tərtib olunub. 
Bundan sonra müştəri İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə telefonun yenilənməsi tələbi ilə ərizə ilə müraciət edib. Həmən qurum tərəfindən  müştəriyə verilən cavabda da iddianın təsdiqinin tapılmadığı qeyd edilib. Beləliklə, müştəri öz təşəbbüsü ilə Sabunçu Rayon Məhkəməsinə ödənişin geri qaytarılması üçün müraciət edir və məhkəmə qarşı tərəfin iştirakı olmadan müştərinin xeyrinə qərar qəbul edir. Şirkətin etirazı əsasında qərar sonradan ləğv edilir.  

“İrşad Electronics” məhsulları müştərilərə zəmanətlə təklif edir və zəmanət şərtləri üzrə yarana biləcək istənilən sualı yerindəcə və ya *0171 zəng mərkəzi vasitəsilə cavablandırır. Həmçinin, məhsulun geri qaytarılması şərtləri qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq alış zamanı müştərilərin diqqətinə çatdırılır. Məhsulda aradan qaldırılması mümkün olmayan qüsur aşkar edildikdə isə geri təhvil alınaraq yenisi ilə əvəz edilir. 
Yekun olaraq bildirmək istərdik ki, sözügedən məsələ hazırda məhkəmə baxışındadır və yekun qərara uyğun müvafiq addımlar atılacaq”.