Dünyada işə qəbul olunmağın Amerika və Yaponiya sistemi daha çox məşhurdur. Əvvəlcə, Amerika sitemindən söz açaq.
İş axtaran özü haqqındakı məlumatı vakansiya elan edilən şirkətə göndərir. Onu müsahibəyə çağırırlar. Və ixtisas üzrə ona sullar verilir. Suallar təxminən belə olur:
-Siz bu ixtisasın filan nüansının yeni formulirovkası barədə hansı bilgilərə maliksiniz;
-Siz bu sahənin inkişaf etdirilməsi üçün hansı təkliflər planı ilə çıxış edə bilərsiniz?;
-Bu şirkətin gəlirlərinin artımı üçün sizin əməyiniz nədən ibarət ola bilər?
İş axtaran bütün bilgilərini ortaya qoyur, bəzi təkliflərini irəli sürür. (Yeri gəlmişkən, onun diplomuna ötəri baxılır). Onun potensialı və gələcək perspektivi şirkət rəhbərliyi tərəfindən müzakirə edilir. Və sonda bu qərara gəlinir: “Mister Cozef, siz işə qəbul olundunuz. Xatırladaq ki, iş saatı səhər saat 9-dan axşam 6-a qədərdir”. Vəssalam.
Bəs, işə qəbul olunmaq üçün yapon siteminin əsas məziyyəti nədən ibarətdir? İş axtaran özü barədəki məlumatı şirkət rəhbərliyinə ünvanlayır. Çox təəccüblü də olsa onunla psixoloq söhbət edir. Söhbət təxminən bu məcrada gedir:
-Ailəniz varmı?
-Var.
-Ananız sizinlə bir yerdə qalır, yoxsa, ayrı yaşayır?
-Ayrı yaşayır.
-Səmimi cavab verin. Həftədə neçə dəfə ananıza baş çəkirsiniz?
-İmkan olduğu qədər.
-Təxminən neçə dəfə?
-Həftədə 3 dəfə.
-Akiro san, sizi təbrik edirik. İşə qəbul olundunuz.
Bununla bağlı Amerika şirkətlərindən birinin rəhbərinə ünvanlanan suala prezident belə cavab verib: “Mənə işçinin ixtisas üzrə biliyi lazımdır”. Yapon şirkətinin prezidentinə ünvanlanan sualı isə o, belə cavablandırıb: “Mənə işçinin adamlığı lazımdır. İşi ona burda da öyrədə bilərik”.
Əslində, bu iki sitem arasında daha çox Amerika variantının düzgünlüyünü iddia edənlər Ümumdünya Maliyyə Böhranı zamanı yanıldıqlarını anladılar. Məhz həmin böhran illərində nə baş verdi? Yaponiya şirkətləri Amerika şirkətlərinə nisbətdə böhrandan az itki ilə çıxa bildilər. Amerikanın əksər şirkətləri isə bu böhrandan iri həcmli itkilərlə çıxdılar və hələ də özlərinə gələ bilmirlər. Niyə belə oldu? Məsələn, Amerikanın hansısa şirkətinin prezidenti ümumi iclasda böhrandan qurtulmaq, yaxud, az itki ilə çıxmağa dair əməkdaşlardan təkliflər gözlədi. Əməkdaşların əksəriyyəti isə təklif vermədi. Çünki, əməkdaş şirkət rəhbərliyinin onunla münasibətlərini yada saldı. Onu yada saldı ki, yaxşı işlədiyinə görə əlavə mükafatlar təyin edilməyib. Yadına saldı ki, xəstə olduğuna görə vaxtlı-vaxtında müalicə üçün icazə verilməyib və başqa səbəblər.
Yapon şirkətinin əməkdaşı isə yadına saldı ki, rəhbərlik bu müddət ərzində onunla insan kimi davranıb, problemlərini soruşub, qəmli vaxtlarında evə getməsinə icazə verib, hər xırda səhvə görə “sən işdən azadsan” deməyib, əksinə, ruh yüksəkliyi üçün əlindən gələni edib, yaxşı işinə görə tez-tez mükafatlandırılıb. Və yapon bütün bunları yada salaraq şirkətin xilas edilməsi üçün öz təkliflərini verdi. Bununla da işlədiyi şirkət xilas oldu, yaxud, böhrandan az itki ilə çıxdı. Deməli, nə qalib gəldi? Adamlıq. Məhz “adamlıq” iş prosesində böyük rol oynayır. İnsan amili bütün bilgiləri üstələyir, şirkəti xilas edir.
Azərbaycanın bəzi şirkətlərinə gəlincə (söhbət dövlət qurumlarına işə qəbul olunmaqdan getmir, bunun üçün Dövlət Qulluğu Məsələləri üzrə Komissiya var) işə qəbul olunanla müsahibə təxminən belə aparılır:
-Adın nədir?
-Əbülfəz.
-Hansı bölgədənsən?
-Filan bölgədən.
-Bay...Bizim bölgədənsən ki. Orada kimlərdənsən?
-Filankəsgildən.
-Eloğlu, sən işə qəbul olundun.
Burda söhbət Azərbaycanın bəzi şirkətlərdən gedir. Amma yaxşı məsələ ondadır ki, şirkətlərin işə götürülmə siyasətində son illər biliyə yer verilməsi üstünlük təşkil etməkdədir. Daha savadsız qohuma əlavə maaş verməyin vaxtı deyil. Necə deyərlər, savadsız qohumun “rasxodu” çoxdur. Həm də bu qarışıq dünyada biliksiz alınmır e.